Daşkənd şəhərində keçirilən Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq və Əməkdaşlıq Forumu çərçivəsində “Wikipedia.org” beynəlxalq elektron ensiklopediyasında ölkəmizə dair özbək dilində yaradılan bölmələrin təqdimatı olub.

Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov elektron və çap mediada Azərbaycana dair özbək dilində məlumatların zənginləşdirilməsi, bu istiqamətdə Özbəkistan mətbuatı ilə əməkdaşlıq barədə məlumat verib. Bildirib ki, son altı il ərzində AMM-in informasiya dəstəyi, habelə “Wikipedia” könüllülərinin iştirakı ilə beynəlxalq elektron ensiklopediyanın Azərbaycana dair özbək dili versiyasının yaradılması və zənginləşdirilməsi işləri həyata keçirilir.

Daha sonra AMM-in saytında “Azərbaycan “Wikipedia”da” adlı bölmədə yerləşdirilmiş özbək dilində məqalələr haqqında məlumat verilib. Qeyd olunub ki, ötən dövr ərzində bu elektron resursda özbək dilində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyətinə dair ondan çox bölmə yaradılıb. Bundan əlavə, Azərbaycanın tarixi-mədəni zənginlikləri, əlamətdar hadisələr, tanınmış şəxsiyyətlər və s. haqqında məqalələr təqdim edilib.

Bildirilib ki, AMM tərəfindən elektron resursun daha da zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir.