Burada qaynar yaradıcılıq prosesi gedir və hər nəsildən olan tamaşaçılar üçün maraqlı mövzularda tamaşalar qoyulur. Elə bu gəliş səbəbim də yeni səhnə əsəri ilə bağlıdır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gülərüz nəzarətçisinin müşayiətində zala daxil oluram. “Balaca kişilər” tamaşasının növbəti məşqini izləyəcəm. Adından da göründüyü kimi, səhnə işində yer alanların hamısı kişilər – teatrın gənc aktyorlarıdır. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovla quruluşçu rəssam Vüsal Rəhim aralarında nəyinsə qızğın müzakirəsini edirlər. Nəhayət, fərqimə varan iki quruluşçuya mane olmadan küncdəki yerlərdən birinə keçirəm.
Nicat Kazımov rejissor assistentinə təlimat verir: “Qalanları da gəlsinlər. Aktyorlara denən əvvəlki yerlərini tutsunlar, ilk şəkildən başlayırıq”.
Sonra səhnənin önündə qoyduğu kiçik masanı və oturacağını kənara çəkib zala düşür. Orta oturacaqlardan birində yerini alır və səhnə əsərinin ilkin şəklinin son mizanlarını verir. Üzünü mənə tutub “biz başlayırıq”, – deyir.
Çoxfunksiyalı səhnə tərtibatı indidən yaxşı rəssam işi vəd edir. Fonda Nicat Kazımovun səsləndirməsində şair-dramaturq İlqar Fəhminin “Balaca kişilər” poeması səslənir. Deməli, tamaşa bununla başlayacaq. Tamaşanın əsas ideyası bu poeziya nümunəsidir, bir də ki İlqar Fəhminin tamaşaları şeirsiz, qəzəlsiz, meyxanasız, muğamsız keçinmir.
Səhnədə iki tərəfdən bir nöqtəyə – zirvəyə qalxmaq üçün pilləkən var. Bu konstruksiya həm də yenicə alınmış və bayraq sancılmış postdur. Xüsusi Təyinatlı Qüvvələrin əsgərləri postu alıb və gələn yardımçı heyətə təhvil verib irəli – Şuşaya doğru gedirlər.
Cəmi 4-5 ayın əsgərləri nəinki döyüş şəraitində düşmənlə üz-üzə gəlməyən, heç o postların həndəvərində belə olmayan müxtəlif bölgələrdən olan gənc əsgərlər çox həyəcanlıdır. Yaralandığı üçün onlarla qalan leytenant Həbibova (Araz Pirimov) sadəlövh suallar verir, onun danışdığı adi döyüş detallarını hansısa fantastik filmə baxırmış kimi heyrətlə qarşılayırlar. Aralarında nisbətən təcrübəli və yaşlı Tarix fakültəsi məzunu çavuş Teymurov Ziya (Bəhram Əliheydər) da var. O, əsgərlərinə komandalar verir, arabir tarixi faktları, müharibələrin gedişi ilə bağlı oxuduqlarını danışır. Səbirsiz gənc əsgərlər onun sözünü tez-tez kəsib daha çox canlı tarixə – yaralı zabitə maraq göstərirlər. Zabit də onlara maraqlı olan faktları sadalayır... Sevgilisi ilə danışmaq üçün fürsət axtaran gənc əsgərlərdən biri aranın qarışdığını görüb yana çəkilir, telefonla azad olunan yeni ərazilərdən öldürülən düşmənə qədər görüb-eşitdiyi nə varsa, özünü də hamısına qoşaraq nəql edir. Rejissorluq fakültəsinin məzunu da çəkəcəyi filmin komik kadrı kimi sevgililərin danışığından səhnəcik düzəldib gülür.
Sonra erməni əsir (Əməkdar artist Şövqi Hüseynov) peyda olur və hiyləgərliyini ilk saniyələrdən göstərir. O, guya yaralıdır, əlinə heç silah da almayıb, aşpazdır. Cəbhəyə yemək bişirmək üçün gətirilib, azaraq bura düşüb.
Dinamik səhnələr də bundan sonra başlayır: Qarabağdan olduğunu deyən erməni ilə şəkil çəkdirən kim, ona “Qarabağ Azərbaycandır!” dedirdən kim... Bu zaman postun yaxınlığına, lap yanlarına mərmi düşür və partlayışın gücündən tarixçi kontuziya alır. Tarixi keçid də bundan sonra başlayır. Birdən-birə sağ və sol qapılarda Cavad xan, İbrahimxəlil xan, Hüseynqulu xan görünür... Onlar gah özlərini, gah da bir-birlərini ittiham edərək yanlışlardan, xalqımıza bəslənən düşmən nifrətindən, məkrli qonşularımızdan danışırlar.
Yaxşı düşünülmüş keçiddə biz müəllif və rejissorun mesajını aydın duyuruq: o böyük kişilər olmasaydı, bu balaca kişilər bir anda böyüyüb düşmən sədlərini yarmaz və haqq mübarizəmizdə Zəfər çalmazdılar...
Elə aludə olmuşam ki, mən də kontuziya almış əsgər kimi məşqdə olduğumu unutmuşam. Artıq beynimdə fikirlər dolaşır: bizə miras qalan müharibə yaxşı ki, gələcək nəslə qədər gedib çıxmadı. Düzdü, qurbanlarımız çox oldu. Amma əsas odur ki, haqq Zəfərini çaldıq.
“Oyna da, oyna, səsin gəlsin, öz aranızda niyə mızıldanırsız? Tamaşaçı gəlib qulağını ağzına söykəməlidir” sualına diksinirəm. Bayaqdan səhnədəkiləri diqqətlə izləyən rejissor çevik addımlarla səhnəyə tərəf gedir və cəld yuxarı tullanıb qışqırır: “Bu nə səsdi, özün özünü eşidirsən? Səsin fındıq boydadı, Rəvan”.
Rejissor sonra arqumentini deyir: “Fondan gələn hərbi texnika, atəş səsləri üzündən, sözsüz ki, səsin eşidilməyi müşküldür. Amma siz səsə, onun tempinə adekvat olmalısız. Birinci dəfədir məşqdəyik elə bil. Araz, sən niyə belə rəsmi danışırsan? Onlardan cəmi 3-4 yaş fərqin var, amma elə bil ağsaqqalsan. Pafosu yığışdır. Pauzanı da...”.
Sonra digər aktyora qanrılıb əsəblərini cilovlamağa çalışaraq: “Sənin yerin hardadı? Niyə eləmədin onu? Özbaşınalıq baş aldı e bu məşqdə. Səsin ora gəlmir, Hüseyn. Elədiyin heç nə düz deyil. O qədər gərginsən ki, qarşındakını eşitmirsən, bala. Dünən bundan yaxşı işlədik. Zalı, tamaşaçını, məni də unudun. Öz aranızda danışın. Hansı əsgər çıxış edirmiş kimi danışır. Elə bil tribunadasan...”.
Aradan saniyələr keçir və aktyorunu çox sevən Nicat Kazımov sonra stimulverici bir-iki kəlmə xoş söz də deyib fasilə elanı verir və səhnədən düşür. Onunla məşq barəsində danışmaq fürsətimiz yaranır.
Nicat Kazımov: “Vətən müharibəsi vaxtı İlqar Fəhminin “Balaca kişilər” poeması dərc olundu və mən onu səsləndirdim. Teatrımız ona çarx da hazırladı. Müharibədən sonra müəlliflə qərara gəldik ki, əsərin qəhrəmanları pyesin qəhrəmanlarına çevrilsinlər. Bu pyes də teatrımızın Zəfərlə bağlı elan etdiyi müsabiqədə qalib oldu və ötən mövsümdən məşqlərinə başladıq. Ümid edirəm ki, aprelin sonunadək tamaşaçılara təqdim edəcəyik. Biz də qəhrəman Vətən oğullarına borcumuzu, ehtiramımızı bu tamaşa ilə ifadə etməyə çalışmışıq.
Tamaşada əsgərləri oynayan 6 nəfər gəncdir ki, onların da 3-ü (Rəvan Hüseynov, Hüseyn Bayramov, İlhan Sadıqov) mənim ADMİU-dan 4-cü kurs tələbələrimdir. Ümumilikdə 15 nəfər iştirakçı var. Birhissəli tamaşada əsas məramımız dram vasitəsilə real döyüş, müharibə faktlarına səhnənin gözü ilə baxmaqdır. Burada əsas odur ki, düşməni sarsaq kimi göstərməkdən qaçmışıq. Ona görə də erməni əsiri rolunu Əməkdar artist Şövqi Hüseynova həvalə etmişəm. O, inanıram ki, hiyləgər ermənini mükəmməl təsvir edə biləcək”.
Tarixi obrazları inteqrasiyada qadınlara da yer verə bilərdik. Amma mən istədim bu tamamilə kişilərin, bir gecədə böyüyən balaca kişilərin şücaətindən bəhs etsin...”.
Fasilənin bitdiyini hiss edib heyətlə sağollaşıram və bütün hallarda öz-özümə söylənərək “Kaş ki tamaşada, heç olmasa, 1-2 qadın surəti olaydı” arzusunda qalıram...
Həmidə Nizamiqızı