Fevralın 24-də Milli Kitabxanada Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir və Səkinə Turabqızının “Əsir Xocalı” kitabının təqdimatı keçirilib.

Tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev çıxış ediblər.

Səkinə Turabqızı müəllifi olduğu “Əsir Xocalı” kitabı haqqında məlumat verib. Bildirib ki, kitabda faciə zamanı əsirlik həyatı yaşamış Xocalı sakinlərinin taleyindən, onlara verilən dözülməz işgəncələrdən, erməni vandalizmindən söhbət açılır.

Qarabağ Regional Təhsil İdarəsinin metodisti, əslən Xocalıdan olan Samirə Hüseynova faciənin dəhşətlərinə necə şahid olmasından, həmin faciədə bütün ailə üzvlərini də itirməsindən bəhs edib.

Suraxanı rayonu 232 nömrəli tam orta məktəbi şagirdlərinin ifasında Xocalıya həsr olunmuş şeirlər səslənib.

Milli Kitabxananın “XX əsrin faciəsi – Xocalı soyqırımı” elektron məlumat bazası və Xocalı ilə bağlı sənədli film nümayiş etdirilib. Sonda tədbir iştirakçıları mövzuya dair kitab sərgisi ilə tanış olublar.

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Qan yaddaşımız – Xocalı” adlı tədbir keçirilib.

Kitabxananın direktoru Aslan Cəfərov bəşər tarixinin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında danışıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qələbə çalan Azərbaycan Ordusu Xocalı qurbanlarının da intiqamını alıb.

İnformasiya təminatı və media ilə iş şöbəsinin müdiri Günay Həsənova kitabxana tərəfindən Xocalı soyqırımının ildönümü ilə əlaqədar hazırlanan Azərbaycan və ingilis dillərində materiallar – virtual sərgi, videomaterial, metodiki vəsait, biblioqrafik yaddaş və icmal haqqında məlumat verib.

***

Respublika Uşaq Kitabxanasında Xocalı faciəsinə həsr olunmuş tədbir təşkil edilib. “Sonuncu ölən ümidlər” adlı tədbirdə tanınmış yazıçı Varisin Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevə həsr etdiyi “Qırmızı ləçəklər” kitabının müzakirəsi olub. Yazıçı tədbirdə iştirak edən tələbə-gənclərin suallarını cavablandırıb.

Kitabxana əməkdaşları tərəfindən Xocalı qurbanlarına həsr olunmuş təqdimat nümayiş etdirilib.

Respublika Uşaq Kitabxanasının 2 saylı filialı isə Xətai rayonu İnqilab İsmayılov adına 265 saylı tam orta məktəblə birgə Xocalı soyqırımının 31 illiyinə həsr olunmuş “Qanlı bənövşə” adlı tədbir  keçirib.  Məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, şeirlər səsləndirilib. “Xocalı – qan yaddaşımız” adlı slayd nümayiş etdirilib.

***

Fevralın 27-də Respublika Gözdən Əlillər Kitabxanasında da Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdən sonra kitabxana kollektivi Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.