Reza Deqatinin yeni saytı soyqırımını dünyaya çatdırır

 

Xocalı qurbanlarını lentə alaraq vizual tarixi yadda yaradan tanınmış fotojurnalist Reza Deqatinin “khojalywitness.org” (Xocalı şahidləri) adlı yeni saytı dörd dildə fəaliyyətə başlayıb. Saytın əsas məqsədi şahidlərin və qurbanların fotolarını əks etdirərək qanlı tarixi yaşatmaq, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.

Xocalı soyqırımının 31-ci ildönümündə dünyaca məşhur fotojurnalist Reza Deqatinin istər ölkəmizdə, istərsə də dünyanın bir çox yerlərində silsilə sərgiləri açılıb.

Növbəti belə sərgi Ağdamda təşkil olunub. Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş “Unudulmayan tarix” adlı anım tədbiri çərçivəsində Reza Deqatinin Birinci Qarabağ müharibəsi dövründə lentə aldığı Xocalı qurbanlarının başlarına gətirilmiş müsibəti əks etdirən fotoşəkillərdən ibarət sərgisinə baxış keçirilib. Tədbir “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə baş tutub.

Həmçinin bu günlərdə Avstriyanın paytaxtı Vyanadakı Heldenplatz meydanında da Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib. Reza Deqati aksiyada çıxış edərək Xocalı dəhşətlərini bir daha dünya mediasının, iştirakçıların diqqətinə çatdırıb. Aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri qatılıblar.