Rus evinin kinoklubunda müzakirə olunub

 

Bakıdakı Rus evinin (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – RİMM) nəzdindəki fəaliyyət göstərən kinoklubda 53 il əvvəl “Lenfilm”də istehsal olunan və çəkilişləri Bakıda aparılan “Mənim xeyirxah atam” filminin müzakirəsi olub. Bu barədə RİMM-dən məlumat verilib.

Filmdə uşaq rollarını ifa etmiş Harri Məmmədov və Samir Musayev kinoklubun qonaqları olublar. Onlar filmin ərsəyə gəlməsi, çəkiliş meydançasında baş verən maraqlı hadisələr barədə danışıb, xatirələrini bölüşüblər.

1970-ci ildə rejissor İqor Usov tərəfindən Viktor Qolyavkinin eyniadlı povestinin motivləri əsasında çəkilən bədii filmin qəhrəmanı Petya Böyük Vətən müharibəsindən əvvəl Bakıda keçirdiyi xoşbəxt günləri, bəstəkar və dirijor olan, müharibənin ilk günlərindən cəbhəyə gedən və qayıtmayan atası, daim narahatlıq keçirən anası və kiçik qardaşı Bob haqqında xatirələrini bölüşür. Onun Bakı xatirələrinin bir hissəsi də azərbaycanlı dostları, o cümlədən İsmayılovlar ailəsindəki uşaqlardır.

Filimdə məşhur rus aktyorları Aleksandr Demyanenko (Petyanın atası), Lyudmila Qurçenko (Petyanın anası), eləcə də azərbaycanlı aktyorlar Rafiq Əzimov, Əminə Yusifqızı (İsmayılovlar ailəsində ata və ana), Əliağa Ağayev, Tələt Rəhmanov və başqaları, kütləvi səhnələrdə Bakı şəhəri 1 və 60 nömrəli məktəblərin şagirdləri çəkiliblər.