Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) Dostlar Qrupuna üzv olub. Bununla Sivilizasiyalar Alyansı Dostlar Qrupunun üzv sayı (ölkə və təşkilatlar) 159-a çatıb.
TÜRKSOY Katibliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos bu barədə fevralın 28-də quruma məktub göndərib.
TÜRKSOY-un baş katibi Sultan Raev bildirib ki, TÜRKSOY-a üzv ölkələrlə UNAOC arasında sıx əlaqələr var, məqsədimiz bu əlaqələri ümumi zəmində daha da möhkəmləndirməkdir.
2023-cü il ərzində TÜRKSOY-un 30 illik yubileyinin qeyd olunacağını deyən baş katib UNAOC ilə əməkdaşlıq çərçivəsində qurumun müxtəlif ölkələrdə tanıdılması üçün layihələr həyata keçirmək istədiklərini bildirib.
Baş katib vurğulayıb ki, bu kontekstdə TÜRKSOY və UNAOC indiyədək milli və beynəlxalq səviyyədə həyata keçirdikləri fəaliyyətlərlə mədəni diplomatiyanın tərəfdarları kimi güclərini birləşdirəcəklər.
Qeyd edək ki, 2022-ci ilin iyul ayında TÜRKSOY-un baş katibi Sultan Raev və UNAOC-ın ali nümayəndəsi Migel Angel Moratinos tərəfindən iki təşkilat arasında əməkdaşlığa dair protokol imzalanıb.
Mehparə Sultanova
Ankara