Görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas alim Firidun bəy Köçərlinin (1863-1920) anadan olmasının 160 illiyi münasibətilə paytaxtın 283 saylı tam orta məktəbi və “Kaspi” liseyi şagirdlərinin Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub.
Ekskursiyanın məqsədi məktəbliləri Uşaq Kitabxanasının zəngin fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətinin və kitaba olan marağı artırmaqdır.
Məktəblilər kitabxana ilə yaxından tanış olub, əməkdaşlar yeni kitabxana texnologiyalarının tətbiqi, oxucuların dünyagörüşünün, mədəni səviyyəsinin yüksəlməsində kitabların müstəsna rolu barədə məlumat veriblər.
Ekskursiya zamanı F.Köçərlinin fəaliyyəti haqqında da söz açılıb. Bildirilib ki, ədibin "Balalara hədiyyə” kitabı uşaq folklorunun toplanılıb nəşr etdirilməsi yolunda atılmış ən böyük addımdır. Firidun bəy “Balalara hədiyyə”nin məramını belə ifadə etmişdi: “Bu məcmuəni hər kəs oxusa – böyük, ya kiçik – onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasındandır”.
Sonda F.Köçərlinin həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim olunub.