Tanınmış və gənc rəssamların səyyar sərgisi keçirilib...


YARAT Müasir İncəsənət Məkanı Saatlı Dövlət Rəsm Qalereyasında “İncə müşahidələr” adlı səyyar sərgi təşkil edib.

Martın 1-dən 3-dək davam edən sərgi Mədəniyyət Nazirliyi, Sabirabad Regional Mədəniyyət İdarəsi (RMİ) və Saatlı Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə keçirilib. Sərgidə Azərbaycanın tanınmış və gənc rəssamlarının əsərləri nümayiş olunub.

Açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə, YARAT-ın baş kuratoru Fərəh Ələkbərli və sərginin kuratoru Zəhra Məmmədova, sərgidə əsərləri nümayiş olunan rəssamlar, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

YARAT-ın İctimaiyyətlə əlaqələr departamentinin direktoru Hökumə Kərimova “İncə müşahidələr” səyyar sərgisi barədə məlumat verib. Bildirilib ki, sərginin əsas ideyası rəssamların gözü ilə gündəlik həyata başqa baxış bucağı təqdim etməkdir. Diqqətə çatdırılıb ki, sərgi həmçinin universal mövzular ətrafında düşüncələri əks etdirir. Bu mövzular zaman və məkan anlayışları, yaddaş və şəxsiyyət, sadə insan duyğuları və onun hekayələri, mədəniyyət və xalq dəyərləri ola bilər.

Sərgidə altı rəssamın əsərləri yer alır. Fotoqraf Dadaş Adnan əsərlərində sadəliyin poetikasını – insanların və onların ətrafını, doğma kəndinin təbiət mənzərələrini, insan istəklərinin incə çalarlarını işıqlandırır.

Oxşar üsul ilə "Bəs birdən" videoinstalyasiyasında Mehrin Əlili öz ətrafını müşahidə edir. O, meqapolis və kənd həyatından olan kadrları müqayisə edərək mövcud və paralel reallığı araşdırır. Ailəsi şəhərə üz tutmasaydı, həyatının necə fərqli ola biləcəyini düşünür.

Şəhərin portretində özünü göstərən insan vərdişləri Elturan Məmmədovun silsilələrində də yaxından müşahidə olunur: bir-birinə uyğun gəlməyən rənglər, yeri dəyişdirilmiş obyektlər və bayağılıq ən gözlənilməz şəkildə görünür.

Ramal Kazımın əsərlərində isə təkbaşına yaşanan mübarizənin və həyəcanlı anların artıq müasir həyatın ayrılmaz tərkib hissəsinə çevrilməsi göstərilir. Rəssam sadə görünən insan emosiyalarının və hisslərinin mürəkkəbliyini güclü hisslər oyatmaq üçün çox qabarıq formada göstərir.

Nadir Eminovun "Okey, burner" instalyasiyası postmodern cəmiyyətə və onun mübarizə mexanizmlərinə bir ironiyadır. Rəssam KİV-in insan qavrayışına necə təsir etdiyini və əksəriyyət üçün aldadıcı fikir yaratdığını müşahidə edir.

Sərgi həmçinin universal mövzular ətrafında düşüncələri də əks edir. Rəssam Soltan Soltanlı öz əsərləri ilə insan həyatının ekzistensial suallarını və sosial davranışı araşdırır. O, əsərlərində sevgi, əmək, itki və insan münasibətləri kimi mövzulara istinad edir və rəsmlərinə, özəl detallarla zəngin olan həyat anlayışını açıqlayan, başlıca niyyətini anladan adlar verir.

Elə şeylər var ki, universal olaraq düşünmək üçün xoşagəlməz hesab olunur: məsələn, tanıdığımız və sevdiyimiz hər kəsin gec-tez bu dünyadan köçməsi həqiqəti. Bu həqiqətlər həmişə var, lakin insanlar adətən onları qovmağa çalışırlar. Habib Saherin "Qodonu gözləyərkən" instalyasiyası itkiləri əks etdirir, davamlı yenilənmə yolu ilə insanın öz keçmişini araşdırması və onunla barışmasını bəyan edir.

Rəşad Babayevin "Dərviş" əsəri isə məkan və zamandan şüurlu şəkildə azad olmağın mediativ vəziyyətini təmsil edir. Mistik sufi ənənələri ilə əlaqəli olan asketizm ilə dərviş gələcək nəsillərə müdriklik xəbəri verir. Rəssam bugünkü regional mədəniyyətin formalaşmasında mədəni və dini köklərin gücünü işıqlandırır.