Ümummilli liderin 100 illiyi münasibətilə Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə həyata keçirdiyi “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində növbəti səhnə əsəri təqdim ediləcək.
Aprelin 19-da Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppası tərəfindən Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunacaq.
İki hissədən ibarət tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, bədii tərtibatçısı Əməkdar rəssam İsmayıl Məmmədovdur.
Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur.
“Qarabağnamə”nin İbrahim xanı Xalq artisti Kazım Abdullayev, Ağabəyim ağası Əməkdar artist Məsmə Aslanqızı olacaq. Digər rolları Xalq artistləri Əli Nur, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Məlik, Əməkdar artistlər Elnar Qarayev, Elxan Quliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, Kazım Həsənquliyev və başqaları canlandıracaq.
İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında ilk tamaşa 1996-cı ildə nümayiş olunub. 1997-ci il sentyabrın 20-də Prezident Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı izləyib. Nümayişdən sonra yaradıcı heyətlə görüşdə tamaşanı yüksək qiymətləndirən Heydər Əliyev əsərin təbliğinin əhəmiyyətini bildirib. Ümummilli lider həmin görüşdə bu pyes əsasında bədii filmin çəkilməsinin də vacibliyini qeyd edib. Əsərin motivləri əsasında çəkilmiş “Hökmdarın taleyi” adlı ikiseriyalı film 2008-ci ildə Heydər Əliyevin 85 illik yubileyi çərçivəsində təqdim olunub.
Pyes əsasında yeni quruluşda səhnələşdirilən “Qarabağnamə” tamaşası isə ilk dəfə 2011-ci il martın 10-da – Milli Teatr Günündə nümayiş etdirilib. Tamaşa Milli Dram Teatrında bu ad altında indiyədək 79 dəfə oynanılıb.
“Qarabağnamə”nin 80-ci nümayişini izləmək üçün biletləri Heydər Əliyev Mərkəzinin kassası və “iTicket.az” saytı və satış məntəqələrindən əldə etmək olar.
Qeyd edək ki, “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində fevralın 24-də mərkəzin “Auditorium” zalında Akademik Milli Dram Teatrının repertuarından C.Məmmədquluzadənin “Ölülər” pyesinin tamaşası göstərilib.