Fəlakət nəticəsində 2 milyona yaxın insan ev-eşiyindən olub...


Türkiyədə əsrin fəlakəti sayılan 6 fevral zəlzələləri nəticəsində həlak olanların sayı 46 min nəfərə yaxınlaşır.

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun martın 4-də verdiyi açıqlamaya görə, dağıntılar altında ölən, eləcə də ağır yaralı halda aparıldıqları xəstəxanalarda həyatını itirənlərin ümumi sayı 45 min 968 nəfərə çatıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər böyük dağıntı və tələfata səbəb olub.

Zəlzələlərin vurduğu 11 vilayətdə – Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Hatay və Elazığda fövqəladə vəziyyət elan edilib.

Zəlzələ nəticəsində 6500-dən çox bina tamamilə dağılıb. Dağıntılar altından hələ də bütün cəsədlər çıxarılmayıb. 200 mindən çox bina qəzalı vəziyyətə düşüb və sökülməlidir.

Fevralın 27-də Malatya vilayətinin Yeşilyurt rayonunda baş vermiş 5,6 bal gücündə zəlzələ nəticəsində daha öncə qəzalı vəziyyətə düşən onlarla bina çöküb. Dağıntılar zamanı 2 nəfər ölüb, 140 nəfər yaralanıb.

Türkiyə Daxili İşlər Nazirliyi nəzdində Fövqəladə Halların İdarə Olunması Agentliyi – AFAD-ın martın 2-də yaydığı məlumata əsasən, zəlzələ zonasında 332 çadır şəhərciyində 360 mindən çox çadır qurulub. Çadır şəhərciklərində 1 milyon 440 min nəfər yerləşdirilib. Daha 34 min nəfər konteynerlərdə yerləşib. Zəlzələ zonasında ümumilikdə 90 mindən çox konteynerdən ibarət 189 konteyner şəhərciyinin qurulması davam edir.

Zəlzələ bölgələrində müvəqqəti sığınma xidməti verilən vətəndaşların ümumi sayı 1 milyon 594 min nəfərdir. Fəlakət nəticəsində də ev-eşiyindən olan daha 330 min nəfər isə digər vilayətlərdə müvəqqəti yerləşdirilib.

V.Kamal