Azərbaycanlı tədqiqatçı Tacikistanda forumda məruzə edib

 

Tacikistanın paytaxtı Düşənbədə “Mədəniyyət sahəsində əməkdaşlıq” İctimai Birliyinin təşkil etdiyi “Tacik xalqının xəttatlıq sənəti və Şərqin yazılı irsi” mövzusunda beynəlxalq forum keçirilib.

“Azərbaycan Xalçaçıları” İctimai Birliyindən bildiriblər ki, hibrid formatda (üz-üzə və onlayn) keçirilən forumun məqsədi Tacikistanın və Şərq xalqlarının xəttatlıq sənətinin və dünyanın muzey, kitabxana və elm müəssisələrində saxlanılan nümunələrin təbliğ olunmasıdır.

Forum çərçivəsində xəttatlıq sənəti nümunələrinin sərgisi də təşkil olunub. Sərgidə Tacikistan, Azərbaycan, Əfqanıstan, Çin, Yaponiya, Koreya Respublikası və İrandan müasir xəttatların əl işləri nümayiş etdirilib.

Dəyirmi masa iştirakçıları, həmçinin tədbirə onlayn formatda qoşulan Azərbaycan, Rusiya, Fransa, Böyük Britaniya və Qazaxıstan alimləri xəttatlıq sənətinin tarixindən və bu günündən bəhs ediblər.

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Rəssamlar İttifaqının və “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin üzvü, beynəlxalq müsabiqələr laureatı, Bakı Dövlət Universitetinin müəllimi Yavər Əsədovun “İslam dininin xəttatlıq sənətinin inkişafında rolu” adlı məruzəsi dinlənilib.