Martın 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycan musiqi mədəniyyətinə və elminə böyük töhfələr vermiş alim və pedaqoq, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun (1943–2023) xatirəsinə ithaf olunmuş tədbir keçiriləcək. 

Xatirə tədbiri Tərlan Seyidovun yaratdığı və uzun illər rəhbərlik etdiyi BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası tərəfindən təşkil ediləcək.

Professor Tərlan Seyidov BMA-nın “İxtisas fortepiano” kafedrasının nüfuzlu müəllimlərindən biri olub. Məhsuldar pedaqoji fəaliyyəti ilə yanaşı o, daim elmi araşdırmalarla məşğul olur və yeni ixtiralarını təcrübədə uğurla tətbiq edirdi. O, daim Azərbaycan musiqisinin təbliğatı ilə əlaqədar tədbirlər təşkil edən, respublikamızda ümumi musiqi təhsilinin islahat problemlərinin həll olunması sahəsində fəal və müvəffəqiyyətlə çalışan əsl maarifçi idi. Musiqişünas-alim XX əsrin Azərbaycan milli fortepiano mədəniyyətinin (pedaqogika, ifaçılıq və bəstəkar yaradıcılığı sahələri üzrə) dərin bilicisi idi.

Maraqlı, orijinal ideyaların müəllifi olmuş Tərlan Seyidov daim çalışırdı ki, gələcəyimizi əmanət etdiyimiz uşaqlar hərtərəfli bilik və bacarığa sahib olsunlar. Onun bu istiqamətdə atdığı vacib addımlardan biri də 1980-ci ildə təsis etdiyi BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası olub. Hər zaman yüksək fəaliyyəti ilə seçilmiş məktəb-studiya bu gün də Tərlan Seyidovun qoyduğu ənənələri üzrə addımlayır.

Məktəb-studiyanın işçi heyətinin hazırladığı xatirə tədbirində Tərlan Seyidov tərəfindən yaradılmış təhsil müəssisəsinin yetirmələri, hazırda Azərbaycanın mədəni həyatında və onun hüdudlarından kənarda uğurları ilə hər birimizi qürurlandıran musiqiçilər çıxış edəcəklər. Onların arasında Əməkdar artist, dirijor Fuad İbrahimov, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov, II Qarabağ müharibəsinin qazisi, bəstəkar Vüqar Məmmədzadə və məktəbin digər məzunları olacaq. Tədbirdə həmçinin Azərbaycanın görkəmli musiqi xadimləri xatirələrini bölüşəcəklər.

Azərbaycan musiqi mədəniyyətinin inkişafı yolunda misilsiz rolu olmuş professor Tərlan Seyidovun əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.

Şəfəq Hacıyeva
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının böyük elmi işçisi