Azərbaycan xalqının rəngarəngliyi ilə seçilən qədim bədii tikmə sənəti toxuculuqla sıx bağlıdır. Buna görə də tikmə sənətinin yaşını toxuculuğa yaxın hesab edə bilərik. Bu sənət əsasən yun, ipək, pambıq, kətan, boyaq bitkiləri və s. bol olduğu yerlərdə inkişaf etmişdir.
Azərbaycanın qədim diyarı olan Naxçıvanın zəngin təbiəti də bu sənətin inkişafına şərait yaratmışdır. Hələ eramızdan əvvəl bu diyarın sakinləri toxuculuq, xalçaçılıq sənəti ilə məşğul olmuşdur. Tarixin müəyyən dövrlərində isə Naxçıvan şəhəri sənətkarlıq mərkəzi olmuş, sənət ustaları, parçaları, xalçaları, tikmələri ilə dünyada şöhrət qazanmışdır. Bu gün Naxçıvanın orijinal bədii tikmə nümunələri muxtar respublikanın, digər bölgələrimizin, habelə Rusiyanın muzeylərində saxlanılmaqdadır.
Xalqımız ta qədimdən öz geyiminə, eləcə də məişətdə istifadə etdiyi bir çox əşyanın gözəl görünməsinə əhəmiyyət vermişdir. Paltarların, məişət əşyalarının – pərdə, örtük, süfrə, balış, mütəkkə və s. üzərində işlənilmiş bəzəklər xalq sənəti olan tikmənin müxtəlif üsulları ilə icra olunurdu. Bu qədim sənətdə naxışlar geyimə, əşyaya təkəlduz, güləbətin, muncuqlu, pilək, xanduz (sayma), örtmə, oturma (aplikasiya) üsulları tətbiq edilir və yun, ipək, keçə, rəngli sap, muncuq, əlvan metal, parça kimi müxtəlif materiallardan istifadə olunur.
XX əsrdə Naxçıvanda bədii tikmənin təkəlduz və sayma üsulları daha çox tətbiq edilirdi. Təkəlduz parçalara iki cür – birincisi, naxışın yalnız kənar xətti, ikincisində isə naxışın bütün səthi işlənərək tətbiq olunurdu. Təkəlduz tikmə iki sadə alətlə – qasnaq və qarmaqdan istifadə edilir. Parça əvvəlcə qasnaqda tarım edilir, daha sonra tabaşir, karandaş, qələm vasitəsilə naxış, təsvir çəkilir. Bəzən təkəlduzda iynədən də istifadə edirlər. Təkəlduzu Naxçıvanda və bəzi şəhərlərdə (Təbriz, Ərdəbil) “qullabı”, yaxud “qullabduz” adlandırırlar.
Təkəlduzdan pərdə, puştu üzü, süfrə, iynədan, qələmdan, saatqabı, daraqqabı və s. əşyaların bəzədilməsində istifadə olunur. Bəzi tədqiqatçılar “Təkəlduz” sözünün mənasını “tək əllə düz” kimi izah etmişlər. Lakin bu doğru deyil. Tədqiqatçı Gülsüm Əliyeva bu haqda yazır: “Təkəlduz, palanduz (palan tikən), çuvalduz (çuval tikən), külahduz (papaq tikən) və s. sözlərində “duz” şəkilçidir, peşə bildirir. “Duz” sözü farsca “tikmək” deməkdir. AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Elyazov deyir ki, “duz” sözü farscadan tərcümədə “tikmək” felinin əmr forması olub “tik” mənasını verir. Gülsüm Əliyeva “təkəlduz” sözünün, əslində, “təkalduz” olduğunu da yazır. 1970-ci ildə çap olunmuş “Azərbaycan tikmələri” adlı kitabda tikmənin bu növü “təkalduz” kimi göstərilmişdir.
Doğma diyarımızın bütün şəhər və kəndlərində analarımız, nənələrimiz tikmə sənəti ilə məşğul olmuşdur. Onlardan biri Şərur rayonu Çomaxtur kənd sakini Telli Nəcəfovadır. Telli nənə gənclik illərindən toxuculuq sənətinə öyrənərək tikmənin xanduz və təkəlduz üsulları ilə dekorativ tikmələr hazırlayıb. O daha çox sayma (xanduz) üsulunda işləsə də, onun ağ bez üzərində təkəlduz üsulu ilə işlədiyi gül (lalə) təsvirli tikməsi də vardır. Təkəlduz tikmə hazırlayan digər usta Naxçıvan şəhər sakini Suqra Məmmədlidir. Suqra nənə bu günə kimi bir neçə xalça, corab, köynək, papaq və s. toxumuşdur. O da gənc yaşlarından başlayaraq son illərə kimi bu sənətlə məşğul olmuşdur. Bu günə kimi Suqra nənə bir çox tikmə nümunəsi hazırlasa da, onlardan gül təsvirli tikməsi qalır. Ordubad rayonu Bist kənd sakini Sənubər Tahirova da təkəlduz tikmə ilə məşğul olmuşdur. Sənubər nənənin tikməsinin fərqli xüsusiyyəti işlənmiş gül təsvirlərinin müəyyən hissəsinin içərisinin kəsilərək götürülməsindədir. Naxçıvan təbiətinin rəngarəngliyinə məxsus bitki motivləri qızılgül, lalə, bənövşə və s. müxtəlif quruluşlu yarpaqlar tikmə ustalarımız üçün ilham mənbəyi olmuşdur. Tikməçilər bəzən əsərlərinin təsir gücünü artırmaq üçün motivləri qeyri-müəyyən formada, yaxud çox stilizə edilmiş tərzdə verməyə cəhd göstərirlər. Bu hal digər sənətkarlıq sahələrində də müşahidə olunurdu.
Fransız əsilli rus etnoqrafı İvan Şopen (1798-1870) yazır: “Buradakı (Naxçıvan şəhəri – M.E.) sənətkarların əksəriyyətini toxucular təşkil edir, hər ailənin öz dəzgahı vardır ki, bu dəzgahlarda qadınlar iplərdən bez toxuyur və pambıq parça hazırlayırdılar”.
Bu məlumat toxuculuq, parça istehsalı ilə bağlı olan tikmə sənətinin XX əsrdə Naxçıvandakı vəziyyəti haqqında təsəvvürümüzü daha da dolğunlaşdırır. XX əsrə kimi məişətimizdə geniş yer tutan müxtəlif naxışlı və rəngli tikmələrin Azərbaycanda sənətkarlıqda şöhrət qazanmış Təbriz, Naxçıvan, Bakı, Şamaxı, Gəncə, Şəki və Şuşa şəhərlərində istehsal olunduğu qeyd edilir. XIX əsrdə isə tikmə iki cür istehsal olunurdu: ev şəraitində və kustar sənayedə. Tikməçi nənələrimiz isə söyləyir ki, tikmə ilə XX əsrin ikinci yarısında Naxçıvanda ev şəraitində məşğul olunurdu.
Akademik Rasim Əfəndi XIX əsrin sonunda Azərbaycanda kustar sənayenin tənəzzülə doğru getdiyini qeyd edir. Bunun əsas səbəbini Rusiyadan gətirilən ucuz sənaye məhsullarında və çarizmin emaledici sənayenin qəsdən ləngitmək siyasətində olduğunu bildirir.
***
Bədii tikmənin sayma (xanduz) üsulu texniki icrasının çarpaz formasında olması ilə digər üsullardan fərqlənir. Naxçıvanda bu tikmənin ilk nümunəsinə Xaraba Gilanda (Ordubad rayonu) aparılmış tədqiqatlar zamanı rast gəlinmişdir. XV-XVI əsrə aid olunan tikmə nümunələri əsrlər əvvəldən bu diyarda sayma tikmə ilə məşğul olunduğunu sübut edir. Buradan əldə olunmuş geyimlərin bir neçəsi örtmə və güləbətin növü ilə, əksəriyyəti isə sayma tikmə ilə bəzədilib.
Bu üsulun da adı ilə bağlı qeyd etmək istəyirəm ki, müxtəlif saytlarda tikmənin adı düzgün göstərilməmişdir. Belə ki, sayma üsulu “bolqar xaçı” adı ilə verilmişdir. Yenə G.Əliyeva qeyd edir ki, bu tikmə Azərbaycanın cənub bölgəsində “xanduz” adlanır və ölkəmizin cənub rayonlarında süfrəyə “xan” deyilir, bu üsulla bəzədilir. Sayma üsulunda təsvirlər çox kiçik kvadratlara bölünür və daha sonra həmin kvadratlar sapla çarpaz, yaxud ulduz şəkildə tikilir. Yaradılmış təsvirin kontur xətti də pilləli olduğundan tikmənin təsvirlərində şərtilik özünü göstərir. Bu üsulla bəzədilmiş stol, şkaf örtüyünün, balış üzlüyü nümunələri Naxçıvan şəhərindəki muzeylərdə sərgilənməkdədir. Şərur rayonunun Yuxarı Yaycı kənd sakini Afərim Hüseynova gənclik illərindən tikmə, toxuculuq sənəti ilə məşğul olur. Onun qaranquş təsvirli tikməsi çarpaz tikmənin gözəl nümunələrindən biridir. Afərim nənənin açıq səmada meşədən axan çay fonlu səhnədə məftil üzərinə qonmuş iki qaranquş kompozisiyalı tikməsi rəngləri və ilmələrinin sıxlığı ilə diqqət çəkir. Qaranquşun qoşa olmasını nəzərə alıb kompozisiyanın məhəbbəti ifadə etdiyini söyləyə bilərik. Xalçalarımızda olduğu kimi, tikmə sənətində də toxucular daim məhəbbəti, sevgini, qədim adət-ənənələrimizi, milli dəyərlərimizi təsvir etmişlər. Yuxarıda adını çəkdiyimiz Telli nənənin tikmələrinin zoomorf təsvirləri xalqımızın qədim inamlarının yaddaşlarda yaşayan təsvirləridir. Nümunə kimi türk xalqlarının ehtiram bəslədikləri tovuz quşunu çiçək açmış qızılgül budağının üzərində geriyə baxan tikməsini və ağ bez parça üzərində şərti rənglənmiş xoruz və onun qarşısında həyat ağacı işlənmiş tikməsini göstərə bilərik. Tədqiqatçılar yazır ki, sayma üsulu Orta Asiya və Volqaboyu xalqlarının tikmə sənətində də çox geniş yer tutmuşdur. Bu xalqların bəziləri xanduz, yaxud sayma tikməyə “sanama” deyirlər. Onlar da bu tikmə ilə süfrə, dəsmal məmulatlarını və ayrıca dizliyin balaq hissəsini bəzəyirlər.
***
Xalq sənətinin elə növləri var ki, orda hazırlanan nümunələrin üzərinə müəllifinin adı və ərsəyə gətirilmə tarixi işləmir və nəticədə əsər naməlum olaraq qalır. Bu vəziyyətə bədii tikmə nümunələrində də rast gəlinir. Tikmənin tarixi yalnız texniki üsulla – rəngi, naxışı və tikmənin vəziyyəti əsasında müəyyən edilir. Tikmələrdə sənətkarın adına çox az halda təsadüf edilir.
Qədim zamanlardan bəri xalqımızın estetik zövqünün formalaşmasında rol oynayan tikmə sənəti XX əsrdə də geyimlərin, parçaların estetik görünüşünə xidmət etmişdir. Praktik əhəmiyyəti, asan olması və tələbata əsasən, təkəlduz və sayma tikmələr parçalara, geyimlərə daha çox tətbiq edilirdi. Təəssüflə qeyd edirik ki, bu gün tikmə sənəti əvvəllərdəki kimi populyar deyil. Bunun əsas səbəbini isə fabrik məhsullarının bu sənəti sıxışdırması əlaqələndiririk. Sevindirici haldır ki, az da olsa, bədii tikmə ilə məşğul olanlar və muxtar respublikanın incəsənət məktəblərində bu sənət də tədris edilir.
Mirsəlim Eminov
AMEA Naxçıvan Bölməsinin elmi işçisi