Azərbaycan Yazıçılar Birliyi (AYB) Beynəlxalq Muğam Mərkəzində “Bir yumruq, bir ürək, bir can!” devizi ilə xeyriyyə tədbiri keçirdi.

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək bildirdi ki, rəhbərlik etdiyi qurum ölkəmizdəki bir çox təşkilatlar kimi fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən əziyyət çəkənlərə maliyyə yardımı edib: “45 mindən çox insan bu zəlzələlər zamanı həyatını itirib. Bu acı həm də bizim acımızdır. Yazıçılar Birliyində qərara alındı ki, belə bir xeyriyyə tədbiri də keçirilsin. Bu ilk növbədə qardaşlıq borcumuzdur”.

Tədbirdə Xalq şairləri Ramiz Rövşən, Nəriman Həsənzadə, Baba Vəziroğlu, Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev Türk dünyasının bir araya gəlib qardaş Türkiyəyə dəstək göstərməsindən, Azərbaycanın hər zaman Türkiyənin yanında olmasından söz açdılar. 

Həmçinin şairlər öz şeirlərini səsləndirdilər. Gecədə milli və klassik musiqi nömrələri təqdim olundu.

Xeyriyyə tədbirində əldə olunan vəsait zəlzələdən zərərçəkənlərə yardım fonduna yönəldiləcək.

Lalə