Yaradılışın əsasını təşkil edən dörd ünsürdən biri də yel-havadır. Hava canlı aləm üçün çox əhəmiyyətlidir. Havasız həyat yoxdur.

Bu gün Novruz bayramı öncəsi qeyd olunan ilaxır çərşənbələrdən üçüncüsü – Yel çərşənbəsidir. Yel çərşənbəsi ilə bağlı çoxlu sayda inanclar var: “Yel əsdirəni söyməzlər, çünki onun arxasında Tanrı durur”. “Yel olmasa, sel olmaz”, “Yel gətirər, gün qurudar” və s. İllərin sınağından çıxıb günümüzə qədər gəlib çatan “Yel əsib qoz tökülüb”, “Kələklə gələn, küləklə gedər”, “Yel apardığını qaytarmaz”, “Yel bağlayanı el açar”, “Külək kimi hərdən bir yana əsmə” kimi deyimlərdə yelin (havanın) mahiyyəti müxtəlif yönlərdən ifadə olunur.

Yel çərşənbəsi “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Hava çərşənbəsi” kimi də tanınır. İnanclara görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Daha sonra su, od və külək birlikdə torpağı oyadır...

Folklorşünas, filologiya üzrə fəlsəfə doktoru Ə.Vəliyev qeyd edir ki, Yel çərşənbəsi yelin təzəcə çıxmış otları, ağaclardakı tumurcuqları, təbiəti oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Türk mifik təsəvvüründə “Yel baba” dörd cür libas geyinir: ağ, qara, göy və qırmızı. Qara yel Qərbdən, Ağ yel Şərqdən əsir. Xəzri göy libasda, gilavar isə qırmızı libasda görünür. Gün ərzində küləyin bir neçə dəfə istiqamət dəyişməsi, isti və ya soyuq olması, əslində, onun özünün – küləyin, havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir.

“Yel baba” mərasimi öz kökü etibarilə əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc və s. var. Yel xalq yaddaşında həm də yolgöstərən, bələdçi rolunu yerinə yetirir.

Dağlardan əsən külək,
Yolumu kəsən külək.
Yarı hara apardın,
Bəndədən kəsən külək.

Qoy külək bizi üzü bahara, Novruza hamar yolla aparsın. Əsib-coşsa da, xətər-ətərsiz ötüşsün. Martın 14-ü ilaxır çərşənbələrdən sonuncusu – Torpaq çərşənbəsidir.