Qazaxıstan Yazıçılar Birliyinin rəhbəri qurumun ilk sədri seçilib

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY daha bir layihəyə ev sahibliyi edib. Martın 6-da qurumun təşəbbüsü və təşkilatçılığı ilə TÜRKSOY Yazarlar Birliyi təsis olunub.

TÜRKSOY-un baş katibi Sultan Raevin də qatıldığı tədbirdə Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbek Esdaulet, Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlanbek Kalıbekov, Özbəkistan Yazıçılar Birliyinin sədri Sirojiddin Seyid, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, Türkiyə Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Mahmut Erdemir, Avrasiya Yazarlar Birliyinin sədri Yakup Ömeroğlu və Türkmənistanın Ankaradakı Səfirliyinin ikinci katibi Handurdi Turayev iştirak ediblər.

Baş katib qeyd edib ki, birliyin yaradılmasında əsas məqsəd türk coğrafiyasında yaşayan yazıçı və şairlərin bir-birini tanımasına, əsərlərinin təbliğinə zəmin yaratmaqdır: “TÜRKSOY bütün türk xalqlarının mədəniyyətinə möhkəm körpü olmaq, ədəbiyyat və mədəniyyət vasitəsilə bir-birinə yaxınlaşdırmaq, onları birliyə, həmrəyliyə dəvət etmək üçün var gücü ilə çalışır. Türk mədəniyyətinin lokomotivi ədəbiyyatdır. TÜRKSOY-un baş katibi olaraq mənim ən mühüm vəzifələrimdən biri də Türk dünyası sivilizasiyalarını bir-birinə yaxınlaşdırmaq, onların ünsiyyətini gücləndirməkdir. Əsas şüarımız isə dildə, fikirdə, işdə birlikdir”.

Digər çıxış edənlər təmsil etdikləri qurumların fəaliyyətindən və TÜRKSOY tərəfindən qardaş xalqların ədəbiyyatının inkişafına və təbliğinə göstərilən diqqətdən danışıb, yeni birliyin Türk coğrafiyasında ədəbi düşüncənin tərəqqisinə yeni təkan olacağını vurğulayıblar.

Sonda TÜRKSOY Yazarlar Birliyinin yaradılması haqqında sənəd iştirakçılar tərəfindən imzalanıb.

Qazaxıstan Yazıçılar Birliyinin rəhbəri Uluqbek Esdaulet TÜRKSOY Yazarlar Birliyinin ilk sədri seçilib. Yeni birliyin ilk toplantısının bu ilin mart ayının sonunda Özbəkistanda keçirilməsi qərara alınıb.

Mehparə Sultanova
Ankara