Arif Məmmədov adına Göyçay rayon Musiqi məktəbində rayondakı mədəni-maarif müəssislərində çalışan qadınlar arasında şəhid Alim İbrahimovun xatirəsinə həsr olunmuş dama yarışı keçirilib.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Göyçay rayon komitəsinin təşkil etdiyi yarışdan öncə iştirakçılar məktəbdə şəhidin xatirə lövhəsinin önünə gül dəstələri düzüblər.

MİHİ Göyçay rayon komitəsinin sədri Nəriman Məlikov 44 günlük Vətən müharibəsi şəhidi, məktəbin qarmon müəllimi Alim İbrahimovun həyat yolundan danışıb.

Məktəbin direktoru Dəyanət Hüseynov şəhidlərin xatirəsini yaşadan belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

III turdan ibarət yarışmada 26 qadın iştirak edib. Musiqi məktəbinin müəllimləri Aygün Mahmudova, Elnarə Mehdiyeva və Elnarə Hacıyeva ilk üç yerin qalibi olublar. Qaliblərə MİHİ Göyçay rayon komitəsinin fəxri fərmanları və hədiyyələri təqdim edilib.