İlk tədbir rejissor Niyazi Bədəlovun yaradıcılığına həsr edilib
Xəbər verdiyimiz kimi, Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda sənədli kino salnaməsindən nümunələrin retrospektiv nümayişi olacaq.
“Azərbaycan sənədli kino salnaməsi” silsiləsindən ilk tədbir martın 3-də, görkəmli sənədli kino ustası Niyazi Bədəlovun (1909-1997) yaradıcılığına həsr edilib.
Tədbiri Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Niyazi Bədəlovun Azərbaycan kinosundakı əvəzsiz xidmətlərindən danışıb.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə görkəmli rejissor haqqında xatirələrini bölüşüb.
Çıxışlardan sonra rejissor Niyazi Bədəlovun “150 il. Mirzə Fətəli Axundov”, “Dağlarda ada” və “Estafet” filmləri nümayiş olunub.
Sonda Niyazi Bədəlovun ailə üzvləri adından qızı Sədaqət Bədəlova çıxış edərək Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkür edib.