“Nizaminin müdrikliyi Azərbaycan xalqının müdrikliyini təcəssüm etdirir”

 

Mərkəzin adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlı sizlərə təşəkkürümü bildirmək istəyirəm. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən Gəncədə dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir.

Prezident İlham Əliyev bu sözləri martın 9-da X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu bu il yubileyini qeyd edir.

Sayca onuncu forumun mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər”dir. Forumda prezidentlər, baş nazir, parlament sədrləri, nazirlər, sabiq dövlət başçıları olmaqla ümumilikdə 60 ölkədən nümayəndələr iştirak edir.

X Qlobal Bakı Forumunun açılış mərasimindən öncə xatirə fotosu çəkdirilib.

Forumu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin sözü Prezident İlham Əliyevə verib.

Dövlət başçısı X Qlobal Bakı Forumunun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) idarə heyətinin üzvlərini nailiyyətləri münasibətilə təbrik edib, NGBM-in həmsədrləri Vayra Vike-Freyberqa və İsmail Serageldinə xüsusi minnətdarlığını bildirib.

İlham Əliyev vurğulayıb ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur: “Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Burada 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq. Əlbəttə, ən dəyərlisi beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələrdir. Mən Forumun proqramı ilə tanış oldum. O, hər zaman olduğu kimi, kifayət qədər genişdir. Proqram Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu sırasındadır”.

Forumda panellərdən birinin multilateralizm (hər bir ölkəyə bütün tərəfdaşlarla münasibətlərdə imtiyaz imkanı verən beynəlxalq iqtisadi əlaqələr sistemi – red.) mövzusuna həsr olunmasının əhəmiyyətini vurğulayan dövlət başçısı bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına dörd il müddətinə (2019-2023) sədrliyi barədə söz açıb: “Biz böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində, təəssüf ki, bir az passiv Qoşulmama Hərəkatını, – əgər belə demək olarsa, – canlandırmağa çalışdıq. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Dünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi...

Eyni zamanda biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə biz təşəbbüsümüzlə Parlament Şəbəkəsini yaratdıq. Onun ilk iclası Bakıda təşkil edildi. Bundan əlavə, Hərəkatın Gənclər Şəbəkəsi də təsis edildi və onun katibliyi Bakıda yerləşir. Biz bu ilin sonunda sədrliyimiz başa çatdıqdan sonra da səylərimizi davam etdirəcəyik. Çünki biz bugünkü parçalanmış dünyada belə bir Hərəkata böyük ehtiyacın olduğunu görürük”.

 

Sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət

 

Bu gün dünyada “soyuq müharibə”nin bitməsindən sonra ən ciddi qlobal qarşıdurmanın yaşandığını deyən İlham Əliyev vurğulayıb ki, Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.

Münaqişələrin həllinə gəldikdə isə, Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla: “Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir... Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi. 1992-ci ildə münaqişə yarandıqdan sonra ATƏT Minsk qrupunu təsis etdi. Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail olmadı... Biz özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdik. Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi”.

Prezident qeyd edib ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən təxminən iki il yarım vaxt ötür və biz 10 min kvadrat kilometr tamamilə dağıdılmış ərazini yenidən tikirik: “Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Şuşaya səfər ediblər və orada panel müzakirələr aparıblar. Onlar Füzulidə və Şuşada dağıntıları görüblər və bu, həqiqətən də, barbarlıq, urbisid, kultursid, ekosid əlamətidir. Bunu edən bizim qonşularımız olub. Azərbaycan xalqının qisas almaq üçün mənəvi hüququ var və mən bunu anlayıram. Lakin mənim mesajım döyüş meydanında qisası almaqla həyata keçdi. Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik. Biz ermənilərdən fərqli olaraq soyqırımı törətmədik. Biz döyüş meydanında qisas aldıq”.

 

Qarabağdakı ermənilərin həyatı, işğal dövründən daha yaxşı olacaq

 

“Hazırda sülh üçün vaxt yetişib”, – deyən İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim edib: “Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən, müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar.

Beləliklə, hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur”.

Prezident vurğulayıb ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir və erməni azlığının hüquqları da ölkədəki digər azlıqların hüquqları kimi Konstitusiya ilə qorunacaq: “Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqe yalnız bizim məsələmizə deyil, dünyadakı bütün münaqişələrə şamil edilir. Biz bu mövqeyi açıq şəkildə bəyan edirik”.

Forumun panel müzakirələrindən birinin enerji və daşımalar dəhlizlərinə, enerji keçidinə həsr olunduğunu deyən İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlığı və ümumilikdə beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə danışıb: “Beləliklə, biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq...”.

***

Sonra Latviya Respublikasının Prezidenti Egils Levits, Timor-Leste Demokratik Respublikasının Prezidenti Xose Ramos Horta, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, BMT-nin Baş katibi yanında İİV-lə (İnsanın immunçatışmazlığı virusu) birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima çıxış ediblər.

Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun videomüraciəti dinlənilib, İtaliya Prezidenti Sercio Mattarellanın və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın məktubları oxunub.

Sonra Latviyanın sabiq prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edib.

Açılış mərasimindən sonra panel iclasları keçirilib. 

X Qlobal Bakı Forumu martın 10-da işini davam etdirəcək. Foruma martın 11-də yekun vurulacaq.