“Böyük Qayıdış”ın ikinci ünvanı Tərtərin Talış kəndidir

 

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri yolasalma mərasimində iştirak ediblər.

Sonra Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə (90 nəfər) 30 ildən sonra doğma yurdlarına doğru yola çıxıblar.

Onları Talış kəndində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin əməkdaşları qarşılayıblar.

Azərbaycan dövlətinin qısa vaxtda Talış kəndində yaratdığı şəraitlə tanışlıqdan sonra sakinlər üçün nahar süfrəsi açılıb.

Kənd sakinləri uzun illərdən sonra doğma torpaqlarına qovuşmalarının sevincini yaşadıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Ordusu Vətən müharibəsində, 2020-ci ilin 3 oktyabrında bu strateji ərazini düşməndən azad edib. Dövlətimizin başçısının tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb. Talış kəndində məskunlaşdırılacaq 20 ailədən 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.

Beləliklə, Talış kəndinin sakinləri uzun illərdən sonra Novruzu doğma torpaqlarında qeyd edəcəklər.

Xatırladaq ki, bu il Zəngilan rayonu Ağalı kəndinin sakinləri də əziz bayramı doğma yurdda qeyd edir. 2022-ci ildə və bu ilin əvvəlində üç mərhələdə Ağalıya ümumilikdə 86 ailə (420 nəfər) qayıdıb.