Martın 30-da Nizami Kino Mərkəzində “Qarabağnamə” sənədli filminin təqdimatı keçirildi.

Təqdimat Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, AzTV, Nizami Kino Mərkəzi, Azərbaycan Rəssamlar İttifaqı (ARİ) və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşdi. Tədbirdə rəsmilər, mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak edirdilər.

Jurnalistlərə açıqlama verən filmin rejissoru Elnurə Kazımova qeyd etdi ki, ekran işi 2021-ci ildə “Azərbaycantelefilm” yaradıcılıq birliyi tərəfindən ərsəyə gətirilib. Film Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə” adlı silsilə əsərləri və “Qarabağnamə – tarixin səhifələri” kitabının motivləri əsasında lentə alınıb. Ekran əsəri dəfələrlə Azərbaycanda və xaricdə nümayiş olunub, böyük maraqla qarşılanıb.

Təqdimatdan öncə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vurğuladı ki, bir xalqı ən gözəl şəkildə təbliğ edən onun mədəniyyətidir. Mədəniyyət millətin simasıdır. Millət vəkili dedi ki, bu il 80 yaşını qeyd edən Xalq rəssamı Arif Hüseynov 55 ildən çoxdur təsviri sənət sahəsində fəaliyyət göstərir. “Qarabağnamə – tarixin səhifələri” kitab-albomu rəssamın ürək yanğısı, dərin idrak və vətənpərvər ruhla yaratdığı əsərlərin ümumi adı, ünvanıdır.

Filmin məsləhətçisi Xalq rəssamı Arif Hüseynov bildirdi ki, ekran əsəri Qarabağımızın tarixinə həsr olunmuş silsilə əsərlərin təqdimatından ibarətdir. Qrafik tablolar üzərində torpaqlarımızın və mədəniyyətimizin keçmişi, bu günü və gələcəyi haqqında düşüncələr əks olunub. Filmdə tarixi şəxsiyyətlər, generallar, xanəndə və aşıqların portretləri, memarlıq abidələri, Azərbaycan tarixində baş vermiş bir çox hadisə və faktların təcəssüm olunduğu təsvirlər yer alıb.

Rəssamlar İttifaqının sədr müavini Xalq rəssamı Ağaəli İbrahimov, Xalq artisti, kinorejissor Oqtay Mirqasımov, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar jurnalist Etibar Babayev və AzTV-nin Analitik qrupunun rəhbəri Əməkdar jurnalist Faiq Hüsiyev çıxış edərək film haqqında fikirlərini bölüşdülər.

Çıxışlardan sonra film nümayiş olundu.

Qeyd edək ki, “Qarabağnamə” filminin ssenari müəllifi Sadıq Elcanlı, operatorları Elxan Rüstəmov, Elşən Bədəlov, prodüseri Fatimə Əzimovadır.

Nurəddin