Dünya Əqli Mülkiyyət Təşkilatı “Əqli mülkiyyət və qabaqcıl texnologiyalar” mövzusunda tədbir keçirib. Hibrid formatda keçirilən tədbirə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin əməkdaşları videokonfrans rejimində qatılıblar.
Agentlikdən bildirilib ki, DƏMT-in baş direktoru Daren Tanq açılış nitqi ilə çıxış edib. “Siz nə vaxtsa metakainatda olmusunuzmu?” mövzusu ilə başlayan tədbirdə əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın inkişafında oynadığı rol barədə dialoq aparılıb.
Sonra “Elmi fantastikadan reallığa doğru”, “Kod sındırılana qədər bütün informasiya səs-küy kimi idi” və “Metakainatı deşifrə edərkən” mövzularında müzakirələr olub.
Birinci paneldə çıxış edənlər bildiriblər ki, bəziləri metakainatı inkişafın növbəti mərhələsi olduğunu qeyd edirlər. Onların fikrinə görə, metakainat inkişafın növbəti mərhələsi olub qarşılıqlı əlaqədə olduğumuz və həyatımızı yaşadığımız transformativ inqilabdır. Digərləri isə bunu ya mövcud videooyun platformaları üzərində yenilik, ya da mövcud olmayan reallıq kimi qəbul edirlər. İştirakçılar həm də gələcəyə baxmağa və metakainat yaratmaq üçün nəyin lazım olduğunu, onun tənzimləyici çərçivəsinin nədən ibarət olduğunu və əqli mülkiyyətin bu sahədə hansı rol oynaya biləcəyini müzakirə ediblər.
Paneldə metakainatı ərsəyə gətirən memarların planları, çertyojları və əqli mülkiyyətlə bağlı biliklər, eyni zamanda metakainatın iqtisadiyyatı, metakainatda həyat, iş, oyun və əqli mülkiyyətlə bağlı biliklər mövzusunda müzakirələr olub. Tədbirin birinci gününün yekununda rəqəmsal iqtisadiyyatda və virtual reallıqda əqli mülkiyyətin gələcəyi haqqında müzakirə aparılıb.
İkinci gün oyunlar və əqli mülkiyyət göstəriciləri, yurisdiksiya və metakainatda əqli mülkiyyət hüquqlarının həyata keçirilməsi mövzuları müzakirə edilib, metakainatın potensialının həyata keçirilməsi mövzusunda videotəqdimat nümayiş edilib. Sonda açıq müzakirələr keçirilib.