35 il səhnədən düşməyən müzikl axırıncı dəfə göstərilib
Brodveydəki (Nyu-York) “Macestik” teatrında bəstəkar Endrü Lloyd Uebberin (Andrew Lloyd Webber) “Opera kabusu” müzikli aprelin 16-da sonuncu dəfə oynanılıb. Brodvey tarixində ən uzunömürlü quruluşlardan birinin ilk dəfə səhnədə göstərildiyi vaxtdan 35 il sonra nümayişi dayandırılıb.
İngilis bəstəkarın fransız yazıçı Qaston Lerunun (Gaston Leroux) eyniadlı romanı əsasında ərsəyə gətirdiyi müzikl ilk dəfə 1986-cı ildə Londonda nümayiş etdirilmiş, 1988-ci ildən isə Brodveydə səhnə həyatına başlamışdı. Əsər Paris teatrının haqqında şayiə və əfsanələr dolaşan gizli sahibindən bəhs edir. Müzikl indiyədək dünyanın yüzdən çox ölkəsində səhnəyə qoyulub, amma ən böyük şöhrəti Nyu-Yorkdakı “Macestik” teatrında qazanıb.
Son nümayişdə tamaşanın quruluşçusu Endrü Lloyd Uebber, Kristina rolunun ilk ifaçısı – müğənni Sara Braytmzan, eləcə də bu tamaşada və onun əsasında 2004-cü ildə çəkilən filmdə yer alan aktyorlar iştirak ediblər. Finalda hazırkı aktyor heyəti və müziklin əvvəlki iştirakçıları “Gecənin musiqisi”ni səsləndiriblər.
Bu, “Macestik” teatrında “Opera kabusu”nun 13981-ci nümayişi idi. Brodvey səhnəsində bəzi günlər iki seans nümayiş olunan müziklə 20 milyon tamaşaçı baxıb. “Opera kabusu” ötən müddətdə ümumilikdə 1,3 milyard dollar gəlir gətirsə də, nümayişinin dayandırılmasının səbəbi kimi bilet satışından əldə olunan vəsaitin tamaşaya qoyulan xərclə müqayisədə az olması göstərilir. Hərçənd son tamaşa üçün qiyməti 500 dollara çatan bütün biletlər satılıb. Bildirilir ki, müziklə marağın azalmasında pandemiya da mənfi rol oynayıb. 2020-2021-ci illərdə “Macestik” teatrında nümayişə 18 ay ara verilmişdi.
Müziklin prodüseri Kameron Makintoş tamaşanın gələcəkdə Brodvey səhnəsinə qayıdacağını istisna etmir. Londonda isə “Opera kabusu”nun nümayişi davam edəcək.
V.Kamal