Serxio Peres ikinci dəfə “Bakı şəhər halqası”nda qalibiyyət qazandı...

 

Aprelin 30-da Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışa baxıblar.

Əvvəlcə Qran-prinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Dövlət Himnini “Avroviziya-2018” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Məmmədova səsləndirib.

Sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb. Yarışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Pilotlar “Bakı şəhər halqası”nda iki saat ərzində 51 dövrə vurublar. “Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Şarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Loqan Sarjent yarışıblar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Nik de Vris və Yuki Tsunoda, “Alpine”da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparıblar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Oskar Piastri və Lando Norris yürüşdə iştirak ediblər. Pilotlar Niko Hulkenberq və Kevin Maqnussen “Haas”, Fernando Alonso və Lans Stroll “Aston Martin” komandasının idman şərəfini qoruyublar.

Formula 1 çempionatının cari mövsümü 24 mərhələdən ibarətdir. Bakı Qran-prinin dördüncü mərhələsinə ev sahibliyi edib. Uzunluğu 6 kilometr olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı trek almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

İki saata yaxın davam edən gərgin mübarizənin sonunda “Red Bull Racing” komandasının meksikalı pilotu Serxio Peres Azərbaycan Qran-Prisinin qalibi adını qazanıb. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin sürücüsü Şarl Lakler isə üçüncü pillədə yer alıblar.

Sonra Formula 1 Azərbaycan Qran-Prisi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Qalib idmançının və komandanın şərəfinə Meksikanın və Avstriyanın Dövlət himnləri səsləndirilib.

Mükafatları pilotlara Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 28-də start verilib. Azərbaycan Qran-Prisinin ilk günündə Formula 1 pilotları sərbəst yürüş və sıralanma yürüşlərində mübarizə aparıblar. Aprelin 29-da sprint üçün təsnifat və sprint yarışları təşkil olunub.

Builki dünya çempionatına martın 3-5-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanında və Avstraliyada keçirilib.

Beləliklə, 4 Qran-pridən sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 93 xal var.

Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edib. 2016-cı ildə təşkil olunan ilk yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq qalib olub. Sonrakı illərdə yarışlarda Daniel Rikkardo (“Red Bull Racing”, 2017), Luis Hamilton (“Mercedes”, 2018), Valtteri Bottas (“Mercedes”, 2019), Serxio Peres (“Red Bull Racing”, 2021), Maks Ferstappen (“Red Bull Racing”, 2022) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.