Prezident və birinci xanımın iştirakı ilə Ağdamda yeni tikililərin təməli qoyulub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfər ediblər.

Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verib.

Mərkəzin binasının birinci mərtəbəsində kafe, kinozal, kitabxana, 637 yerlik konsert və iki rəqs zalının yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə inzibati otaqlar olacaq. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı yaradılacaq, ərazisində isə min kvadratmetrlik açıq amfiteatr inşa ediləcək.

Qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, mənəvi və ruhi qidasıdır. Muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”nda yer alıb. Bu istiqamətdə son illərdə görülən işlərdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mühüm xidmətləri var. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun silsilə layihələri milli muğam sənətinin təbliği, tədqiqi, tədrisi və dünyada daha geniş tanınmasına mühüm zəmin yaradır.

Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var.  Milli musiqi mədəniyyətinə görkəmli ifaçılar bəxş etmiş Ağdamda Muğam Mərkəzinin inşası işğaldan azad olunmuş ərazilərimizdə digər sahələr kimi, mədəniyyətin də sürətlə dirçəldilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü göstərir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha sonra Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar.

Dövlətimizin başçısı səfər zamanı Bərdə-Ağdam dəmiryolu xəttinin tikintisi ilə də tanış olub.

Prezidentin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə inşa olunan dəmiryolu xəttinin tikintisinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur. Uzunluğu 47,1 kilometr (yan yolları ilə birlikdə 57 kilometr) olan yol təkxətlidir. Yol boyunca Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək.