Hüseyn Cavidin Ev-Muzeyinin direktoru filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının “Ümummilli lider Heydər Əliyev – Hüseyn Cavid irsinin böyük hamisi” monoqrafiyası işıq üzü görüb.

“Heydər Əliyev İli” münasibətilə çap olunan kitabda Ulu öndərin təşəbbüsü ilə mütəfəkkir-şair Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi üçün nəşinin uzaq Sibirdən gətirilməsi, mənəvi bəraət alması, ev-muzeyinin təşkili, yubileylərinin dövlət səviyyəsində qeyd olunması, yaradıcılığının tədqiqi və nəşri üçün xüsusi sərəncamlar imzalaması və s. haqqında məlumat verilir.

Monoqrafiyada Heydər Əliyevin Hüseyn Cavid ailəsinin son yadigarı, Cavidlər irsinin mühafizi Turan Cavid ilə rəsmi yazışmalarından da bəhs edilir. Məlumdur ki, Turan Cavidin də ədibin yaradıcılığının təbliğində misilsiz xidmətləri olub. Mədəni irsimizin böyük hamisi Heydər Əliyevlə dahi şair və mütəfəkkir Hüseyn Cavid arasında mənəvi körpü rolunu oynamış Turan Cavid ədibin ev-muzeyinin açılışına, Naxçıvanda məqbərəsinin ucaldılmasına qədər Ümummilli liderlə birlikdə çiyin-çiyinə uzun bir mübarizə yolu keçib və onun bədii əsərlərinin elmi-tənqidi mətnini hazırlayıb, imla təhriflərindən təshih edərək orijinalına uyğun nəşr etdirməyə müvəffəq olub.

Yeni nəşr bu il anadan olmasının 100 ili tamam olan həm Ulu öndərin, həm də Turan Cavidin yubileylərinə layiqli töhfədir.

Qeyd edək ki, Hüseyn Cavidin Ev-Muzeyinin Elmi şurasının müvafiq qərarı ilə nəşr olunan monoqrafiyanın elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyi, elmi redaktoru AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimlidir.