3 may – Türkçülük Günü ilə əlaqədar Ankarada tədbir keçirilib. Tədbir Keçiörən Bələdiyyəsi, Ankara Türk Ocağı (ATO) və Türk Aydınlar Vəqfinin (TAV) təşkilatçılığı ilə gerçəkləşib.  

Tədbir çərçivəsində düzənlənən “Türkçülük fikri və 3 may – Türkçülük Günü” mövzulu paneldə Keçiören Bələdiyyəsinin sədri Turqut Altınok, professorlar – türkoloq Ahmet Ercilasun, politoloq Akif Akkuş çıxış ediblər.

Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün türkçülüklə bağlı fikirlərini xatırladan T.Altınok bildirib ki, türkçülük elə şərəfli bir bayraqdır ki, bu bayrağı vətənin hər guşəsində durmadan dalğalandırmaq hər türkün ilk və milli vəzifəsidir: “Türk tarixi türk millətçilərinin çiyinlərində yüksəlib və türk adı tarixə onların qanı və göz yaşları ilə yazılıb. Türk kimi yaşamaq ədalətin müdafiəçisi, elm və reallığın sələfi olmaq deməkdir. Türk kimi yaşamaq çalışmaq, istehsal etmək və ölkəsini mədəniyyətlər səhifəsində ən üstdə çıxarmaq mənasına gəlir. Mete xandan Qazi Mustafa Kamal Atatürkə qədər bu fəlsəfəyə həyatlarını həsr etmiş, türk adı ilə dövlət quran, türk adını ədalət, sülh və hüzurun simvolu olaraq Yer üzünə möhürləyən atalarımız əmin olsunlar ki, üstdə mavi göy çökmədikcə türkün bu adəti və vəzifəsi davam edəcək”.

T.Altınok son illərdə türk dövlətləri arasında inkişaf edən əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini yüksək qiymətləndirib: “Qazi Mustafa Kamal Atatürk bu gün müstəqil olan türk cümhuriyyətləri haqqında demişdi: “Bir gün qonşumuz SSRİ dağılacaq. Bizim din bir, dil bir, soy bir, kök bir qardaşlarımız var. Türkiyə Cümhuriyyəti dövləti buna hazır olmalıdır. Türklər öz istiqlallarını qazanacaq və biz türkləri bir bayraq altında toplamalıyıq". Atatürk həm də deyir: “Ey türk gəncliyi! Siz əcdadınızı tanıdıqca böyük işlər görmək üçün güc, qüdrət və güc tapacaqsınız!”. Bu mənada, özümüzü qorumaq çox vacibdir. Bütün bu qazancların hesabı ağır olsa da, qəhrəmanlarımız, türk dövlətlərimiz əbədi var olacaqlar”.

Bələdiyyə sədri Türkiyədə türkçülük ideyalarının inkişafında azərbaycanlı ziyalıların da xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Türkçülük Gününün tarixi 1944-cü ilə söykənir. Həmin ilin 3 mayında millətçi, şair, yazıçı Hüseyn Nihal Atsızla kommunizm təbliğatçısı kimi tanınan yazar Səbahəddin Əli arasında məhkəmədən sonra (N.Atsız S.Əlini “vətən xaini” adlandırdığı üçün məhkum edilmişdi) Ankarada türk millətçilərinin piketi keçirilib.

Bu gün bir il sonra, 1945-ci ildə İstanbuldakı Topxana hərbi həbsxanasında türkiyəli ziyalılar Nihal Atsız, Zeki Velidi Toğan, Nevet Sança, Oğuz Türkkan daxil olmaqla 10 məhbus tərəfindən qeyd olunub. Sonrakı illərdə də davam edən bu anım tədbirləri Türkçülük Günü kimi ənənəvi qeyd olunmağa başlanıb.

Mehparə Sultanova
Ankara