Mayın 5-də Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyata keçirdiyi “START – 2023” adlı film layihəsi müsabiqəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı və qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

Mərasimdə kinostudiyanın rəhbərliyi və ekspert şurasının üzvləri iştirak edəcəklər. Ekspert şurasına kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov sədrlik edir. Şuranın üzvləri filologiya üzrə fəlsəfə doktoru, ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, rejissor, prodüser Əli İsa Cabbarov, Xalq artisti Vidadi Həsənov, rejissor, prodüser, İlham Qasımov, məsul katib isə Leyla Vəzirzadədir.

Bildirək ki, müsabiqənin “Tammetrajlı bədii film layihəsi” kateqoriyasında “Özgə ağrı” (Rövşən İsgəndərov); “Qısametrajlı bədii film layihəsi” kateqoriyasında “Erkən hisslər” (Nurlan Həsənli) və “Neytral zonanın sonuncu sakini” (Tahir Tahiroviç); “Qısametrajlı animasiya filmi layihəsi” kateqoriyasında isə “Balıq” (Fuad Quliyev) və “Sonuncu lələk” (Firəngiz Bağırova) layihələri qalib elan olunub.

Müsabiqə 2022-ci ilin 1 noyabr –  2023-cü ilin 31 yanvar tarixlərini əhatə edib.

Lalə Azəri