Mayın 3-də Bakıda Azərbaycanın sədrliyi altında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 10 dövlətin iştirakı ilə Turizm üzrə Əlaqələndirmə Komitəsinin 8-ci iclası keçirilib.

İclasda İƏT-nin baş katibi Hissein Brahim Tahanın tədbir iştirakçılarına salamlama mətni səsləndirilib.

Toplantıya sədrlik edən Dövlət Turizm Agentliyinin aparatı rəhbəri Kənan Qasımov ölkəmizin turizm potensialının işğaldan azad olunmuş torpaqlar sayəsində daha da zənginləşdiyini, Qarabağın artıq beynəlxalq səyahətçilər üçün yeni turizm destinasiyası kimi tanıdıldığını diqqətə çatdırıb. O, iclasın ötən il Azərbaycanın sədrliyi ilə keçirilmiş İƏT Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində qəbul edilmiş mühüm qərarların icra vəziyyətinin və onların tətbiqi məsələlərinin müzakirəsi baxımından faydalı olduğunu qeyd edib.

Müzakirələr çərçivəsində İƏT-nin “Turizm Şəhəri Mükafatı” üçün mövcud qiymətləndirmə meyarları haqqında fikir mübadiləsi aparılıb, həmçinin təşkilat tərəfindən müvafiq olaraq 2023 və 2024-cü illər üçün “İslam dünyasının turizm paytaxtı” seçilmiş Türkiyənin Şanlıurfa, Özbəkistanın Xivə şəhərlərinin fəaliyyət planları nəzərdən keçirilib və qəbul edilib.

Toplantıda Şanlıurfanın Türkiyədə 6 fevralda zəlzələdən zərər gördüyü bildirilib və iştirakçılar İƏT-nin bütün müvafiq institutlarını şəhərin yaxın gələcəkdə yenidən qurulmasından sonra turizm potensialının bərpası məqsədilə səmərəli proqram və layihələr hazırlamağa çağırıblar.

Tədbirdə üzv ölkələr İƏT-nin noyabr ayında Qətərdə keçiriləcək sayca 3-cü turizm sərgisində fəal iştiraka dəvət olunub.

Əlaqələndirmə Komitəsinin 9-cu iclasının İƏT Turizm Nazirlərinin 12-ci Konfransı çərçivəsində Özbəkistanda keçirilməsi qərara alınıb.