Laçın, Qubadlı, Zəngilan və Cəbrayılda səkkiz yaşayış məntəqəsinin inşası başlanır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın və Qubadlı rayonlarına səfər edib.

Dövlətimizin başçısı əvvəlcə Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin təməlqoyma mərasimində iştirak edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazi 172 hektardır. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır. Evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. İkiotaqlı evlərin sahəsi 70, üçotaqlılar 88, dördotaqlılar 103, ikimərtəbəli olacaq beşotaqlıların sahəsi isə 120 kvadratmetr təşkil edəcək. Həmçinin 432 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək. Kənddə klub icma, ailə sağlamlıq və idman sağlamlıq mərkəzləri və digər zəruri infrastruktur obyektləri inşa olunacaq, istirahət parkı salınacaq.

***

Prezident İlham Əliyev mayın 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına yaşayış məhəlləsi barədə məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunub. Baş plana uyğun salınan məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılır. Məhəllədə ümumilikdə 156 mənzilin (ikiotaqlı, üçotaqlı, dördotaqlı, beşotaqlı) tikintisi nəzərdə tutulur.

Qubadlı şəhərində inzibati binanın və 600 şagird yerlik tam orta məktəb binasının, rayon Mərkəzi Xəstəxanasının da təməli qoyulub. Məktəb Qubadlı şəhəri, Dondarlı kəndi və ona bitişik açıq ərazidə inşa olunacaq. 91 çarpayılıq səhiyyə ocağı isə 4,5 hektardan çox ərazidə tikiləcək.

Dövlət başçısı Qubadlı rayonunun Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoyub.

Xanlıq kəndi rayon mərkəzindən 16 kilometr məsafədə, Həkəri çayının sahilində yerləşir. Layihələndirilən ərazi Xanlıq kəndinin köhnə ərazisini əhatə edir və ümumilikdə  273 hektardan çoxdur. Birinci mərhələdə kəndə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin tikintisi nəzərdə tutulur.

Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi, gələcəkdə burada ümumilikdə 690 ailənin yaşaması planlaşdırılıb.

Zilanlı kəndi rayon mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşir. Zilanlı rayonun Ağalı kəndi ilə qonşudur. Layihələndirilən ümumi ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi nəzərdə tutulub. Zilanlı kənd inzibati ərazi dairəsində yerləşən Kürd Mahmudlu və Seləli kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Gələcəkdə burada 630 ailənin  yaşaması planlaşdırılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan rayonuna səfər edib.

Dövlət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub. Mərkəzin layihələndirilən ərazisi 2,2 hektardır. Mərkəzin 605 yerlik binası ilə yanaşı, restoran, pavilyon da inşa olunur. Ərazidə müvafiq yaşıllıq zonaları salınacaq, avtomobillər üçün yerüstü parklanma sahəsi yaradılacaq. Mərkəzin damı yaşıllıq zolağı və günəş panelləri ilə əhatə olunacaq.

Dövlət başçısı Zəngilan şəhərində inzibati binanın təməlini qoyub, “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su-Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.

Zəngilanda hotel kompleksinin təməlqoyma mərasimi də olub. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə məlumat verib ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Kompleksə 110 nömrədən ibarət olacaq hotel binası ilə yanaşı 15 kottec də daxildir.

Sonra 91 çarpayılıq Zəngilan rayon Mərkəzi Xəstəxanasının təməli atılıb.

Prezident rayonun Cahangirbəyli kəndinin də təməlini qoyub. Kəndin layihələndirilən ərazisi 179,5 hektardır. Kənd perspektivdə 573 ailənin yaşaması üçün planlaşdırılıb. Birinci mərhələdə iki, üç, dörd və beş otaqlı olmaqla ümumilikdə 242 fərdi evin tikintisi, fərdi evlərlə bərabər bloklaşdırılmış üçmərtəbəli binaların inşası da nəzərdə tutulur.

***

Prezident İlham Əliyev mayın 4-də Cəbrayıl rayonuna səfər edib.

Dövlətimizin başçısı əvvəlcə Xudafərin qəsəbəsinin təməlini qoyub. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev qəsəbədə görüləcək işlər barədə məlumat verib.

Qeyd edilib ki, qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmiryolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Layihələndirilən ümumi ərazi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək. Birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Fərdi evlər iki, üç, dörd və beş otaqdan ibarət olacaq. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcək.

Xudafərin qəsəbəsində məktəb, uşaq bağçası, inzibati bina, məscid, bazar, çoxfunksiyalı bina (ticarət müəssisələri, ictimai iaşə müəssisələri və s.), mədəniyyət evi, “Karvansaray” hotel və icma evi də yaradılacaq. Araz çayının sahilində və Xudafərin körpüsünün yaxınlığında parkın salınması da nəzərdə tutulub.

Prezident “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib. Üçmərhələli (Azərbaycan-Türkiyə-Avropa) ölkələrarası enerji layihəsini həyata keçirmək üçün “Cəbrayıl” enerji qovşağında tikilən 330 və 110 kV-luq açıq paylayıcı qurğularda əlavə ehtiyat yuvalar yaradılıb. “Cəbrayıl” enerji qovşağının ətrafında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar irimiqyaslı ağacəkmə və bağsalma aksiyası keçirilib.

Prezident daha sonra “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin təməlqoyma mərasimlərində iştirak edib.

Dövlət başçısı Şükürbəyli kəndinin də təməlini qoyub. Kənddə 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır. Məskunlaşacaq əhalinin yaşayış yükü nəzərə alınaraq məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı və Mahmudlu kəndləri ilə birlikdə layihələndirilib.

Prezident Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub. Cəbrayıl şəhərində 145 yaşlı orta ümumtəhsil məktəbinin yeni binasının inşasına 2021-ci ilin oktyabrında başlanılıb. Burada şagirdlərin təhsili, təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq.

Daha sonra Horovlu kəndinin təməli qoyulub. Bildirilib ki, layihələndirilən ümumi ərazi 248,1 hektardır. Perspektivdə bu kənddə 867 ailənin yaşaması nəzərdə tutulub. Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib. Birinci mərhələdə 334 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.