Mayın 4-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifov) ifasında rəngarəng konsert proqramı ilə davam edib.

Muzeyin kolleksiyaları əsasında hazırlanmış slayd-şou və Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə ansamblın heyəti ilə görüşü zamanı çəkilmiş videokadrlar nümayiş olunub.
Tədbir zamanı muzeyin kolleksiyaları əsasında Heydər Əliyevin musiqi xadimləri ilə görüşlərini əks etdirən fotosərgi də təşkil edilib.