Dünyanın əksər ölkələrində Dünya Kitab və Müəlliflik Hüququ Günü (23 aprel) xüsusi qeyd olunur. Çünki texnologiyanın sürətli inkişaf etdiyi XXI əsr və onun reallıqları kitab oxumaq mədəniyyətini təhlükə altında qoymuşdur. Bu gün milyonlarla insanın sahib olduğu elektron vasitələr kitaba meydan oxuyur. Belə bir həssas inkişaf dönəmində əsrlərin keşməkeşindən bizlərə gəlib çatan və dünyada ən böyük dəyərlərdən hesab olunan kitab texnologiya ilə rəqabət etmək məcburiyyətindədir. “Ağıllı” telefonlar, planşetlər və üstəlik sosial şəbəkələr, ümumiyyətlə, kitab mədəniyyətini insan həyatından silə bilərmi? Bu, doğurdan da, mümkündürmü? Gəlin birlikdə müasir insanın sosial həyatına nəzər salaq...

Ümumiyyətlə, biz azərbaycanlılar kitabı nə qədər sevirik? Beynimizin və zəkamızın hüdudlarını genişləndirmək məqsədilə kitablardan istifadə edirikmi? Özümüzə və uşaqlarımıza maraqlı kitablar alırıqmı? Kitabın həyatımızda və geniş götürəndə ölkəmizin inkişafında önəmi haqda düşünürükmü? Axı əsrlər əvvəl böyük mütəfəkkir şair Nizami Gəncəvinin kitabları o dövrün dünya ictimaiyyətində bir fikir formalaşdıracaq dərəcədə təsirli idi. Belə zəngin bir mənəvi irsə sahib olan xalq kitaba bu gün də sahib çıxmalıdır, dəyər verməlidir və o mədəniyyəti gələcək nəsillərə ötürməlidir. Azərbaycan mütəfəkkirləri həmişə kitablar vasitəsilə cəmiyyətin düşüncəsində ən yaxşı əxlaqi-mənəvi keyfiyyətlər təbliğ etmiş, sosial-etik normaların tənzimlənməsinə diqqət yetirmişlər. Eyni zamanda kitab oxumaq cəmiyyətin tək mənəviyyatını və mədəniyyətini deyil, həm də ölkənin elmi-texniki və iqtisadi gücünü inkişaf etdirməyə kömək edir. Oxuyan cəmiyyət güclü olar.

Sosioloqlar günümüzdə hər il ənənəvi olaraq “Ən çox oxuyan millət” sosioloji layihə çərçivəsində araşdırmalar aparırlar. Bu araşdırmalar müasir dövrümüzdə “insan-kitab” münasibətlərinin səviyyəsini təyin edir və bu da öz növbəsində kitab mütəxəssislərinə bu sosial problemin səbəblərini aydınlaşdırır və kitabı insanlara daha çox sevdirməyin yollarını göstərir. Dünyanın qlobal kitab bazarı araşdırması ilə məşğul olan “NOP World” tərəfindən verilən statistik məlumatlara görə, məsələn, hindistanlılar mütaliəyə həftədə 10 saat, çinlilər 8,5, isveçlilər 7, almanlar 6, amerikalılar 5,5, ingilislər 5,4, yaponlar isə 5 saat sərf edirlər. “NOP World” insanların qlobal media vərdişlərini təhlil edən dünyanın onuncu ən böyük şirkətidir. Asudə vaxtın keçirilməsi ilə əlaqədar aparılan sosial araşdırmalara görə, insanlar, məsələn, ABŞ-də internetə 31%, ailə ilə vaxt keçirməyə 24%, televizora baxmağa 7%, filmlərə baxmağa (kinoteatr) 10%, kitab oxumağa 9%, gündəlik çap mətbuatına 5%, aktiv istirahətə (idman, yürüş, oyunlar və s.) isə 14% vaxtlarını sərf edirlər. Bu göstəricilər hər ölkə üçün fərqlidir. Araşdırmalara görə, dünyanın 2 super gücü sayılan ABŞ ilə Çinin göstəriciləri belədir: Çində cəmiyyətin oxucu kütləsi təxminən 64%, ABŞ-də isə 58% təşkil edir. Kitab oxuyan xalqlar həmişə dünya mədəniyyətinin, iqtisadiyyatının, elminin və texnologiyasının önündə getmişlər. Yuxarıda göstərilən Çinin və ABŞ-nin nümunəsində görürük ki, kitab oxumaq mədəniyyəti, daha doğrusu, “kitabla dostluq” dövlətin də güclənməsinə gətirib çıxara bilər. Məsələyə diqqətlə yanaşdığımızda şahidi oluruq ki, bu tendensiya bu gün də belədir. Kitab elmin, tərəqqinin və inkişafın açarıdır. Sadəcə kitab oxumaq mədəniyyəti müasir dövrün tələb və vərdişlərinə görə formasını dəyişib. Yəni bilirik ki, ənənəvi kitabla bərabər bir çox elektron informasiya daşıyıcıları da kitab rolunu oynayır. Əslində audio-kitablar da eyni kitab funksiyasını daşıyır. Burda əsas məsələ həyatımızda kitaba vaxt ayırmaqdır. “NOP World”un verdiyi məlumatlara görə, məsələn, Çində oxucu kütləsinin təqribən 54%-i audiokitablardan, 46%-i isə ənənəvi kitablardan istifadə edir. Bir ölkədə nə qədər çox kitab oxuyan olarsa, o ölkə bir o qədər inkişaf edər və bu da insanların maddi rifahının artmasına səbəb olar.

Bu gün dünyada kitaba olan maraq XIX-XX əsrlərdəki kimi deyil. Mobil telefonlar və sosial şəbəkələr artıq insanın həyatına daxil olub və daha dəqiq desək, dünya əhalisinin böyük bir qisminin sosial həyatını, sözün əsil mənasında, idarə edir. Təəssüflər olsun ki, kitab oxumaq XXI əsrdə ən çətin vərdişlərdən birinə çevrilib. Elektron cihazlardan gələn audio-video informasiya insanların şüuruna birbaşa təsir edir, davranışlarını və sosial vərdişlərini yönəldir. Bu da, bir növ onların “həyat fəlsəfəsi”nə çevrilir. Məsələn, ömründə əlinə bir nüsxədə belə kitab almayan insanın sosial şəbəkədə paylaşdığı “maraqlı” bir video və o videoda səslənən fikirlər milyonlarla insana birbaşa təsir edir: düşüncələrini alt-üst dəyişir, gənclərə yanlış “dəyərlər”, “əxlaq” normalarını aşılayır, onlara “azadlıq” təklif edir və s. Məlumdur ki, axşam evə gələndə ailə üzvləri bir-birləri ilə vaxt keçirmək yerinə və ya maraqlı bir kitab oxumaq əvəzinə hərə öz telefonunu əlinə alıb virtual “sosial həyat”ını yaşayır. Bu gün kitab mədəniyyətindən uzaq olanlar “mütəxəssis” kimi cəmiyyətə “məsləhətlər” verir, yol göstərirlər. Bu sosial tendensiyanın qarşısını almaq isə çox çətindir.

XXI əsrə qədər insan bir sosial varlıq olaraq aktiv həyat mövqeyindən çıxış edirdi. Bu, kitabların insan toplumuna verdiyi dəyər idi. Sosial şəbəkələr isə çox qısa bir zaman ərzində bu mənəvi pəncərələri bağlamağa müvəffəq oldular. Bu gün müasir insan passiv həyat mövqeyindən çıxış etməyə məhkumdur. İnsan faktoru arxa plana çəkilib. Bütün “dəyərlər” virtual elektron daşıyıcılardadır, yəni rəqəmsallaşdırılıb: dostluq da, sevgi də, iman da, etibar da...


Texnoloji asılılıq həm də səbirsiz nəsil yetişdirir


Müasir insan artıq kitab oxumaq zövqündən və kitabın insan ruhuna və zehninə təsir edən müsbət aurasından məhrum olub. Bu gün sosial şəbəkələr insanların fikirlərinə hakim kəsilib. Bu hal tək kitab sahəsində çalışan insanları deyil, həm də bütün dünya ictimaiyyətini, cəmiyyətin ziyalı və mütərəqqi təbəqəsini, psixoloqları, sosioloqları, filosofları və başqa mütəxəssisləri düşündürür. Sosial şəbəkələrin formalaşdırdığı sosial vərdişlər və standart düşüncə “fəlsəfəsi” insanları yüksək insani dəyərlərdən get-gedə uzaqlaşdırır. Daha dəqiq desək, sosial şəbəkələr “düşünməyən insan” yetişdirir. Bu bir faktdır ki, insan bədəni və beyni ancaq aktiv halda inkişaf edə bilir. Ən çox istifadə olunan sosial medialar (“İnstagram” və “Tik-tok”) kontent olaraq sonu bitməyən yumor yönlü qısa videolardan ibarətdir ki, onlar da düşünməyə yox, vaxt keçirməyə, daha doğrusu, dəyərli vaxtımızı öldürməyə sərf olunur.

Müasir texnologiyalar artıq səbirsiz bir nəsil yetişdirməyə nail olub. Hamımız səbirsiz və tənbəl bir nəslin formalaşmasının şahidiyik. Hər gün dünyada milyardlarla insan baş barmaqlarını telefonun ekranında yuxarı-aşağı və ya sağa-sola sürdürərək saysız hesabsız şəkillərə baxır. Sosioloji araşdırmalara görə, XXI əsrin insanı bir videonu 28 saniyədən çox izləyəndə səbri tükənir. Müasir insan hər şeyi “sürətlə” yaşamaq istəyir. Məhz ona görə bir çox sosial şəbəkələrdə (“Facebook”, “WhatsApp”, “İnstagram”, “Tik-tok” və s.) paylaşılan videolar 28-30 saniyədən çox olmur. Bu bir tendensiyadır – səbirsizlik tendensiyası. Müasir insan asudə vaxtını “səmərəli” istifadə edərək maksimum məlumata sahib olmaq istəyir və sanki hamı bir səbirsizlik yarışması içindədir. Bu, çox acınacaqlı bir haldır...


Sosial media insan mənəviyyatına kitab qədər yaxın ola bilməz...


Yazımın başlanğıcında bir sual ortaya qoymuşdum: müasir texnologiya kitabı dünya səhnəsindən sıxışdırıb çıxara bilərmi? Əlbəttə ki, yox! Bu, mümkün deyil. Min illərə dözən və günümüzə qədər gəlib çatan kitab mədəniyyəti insan tarixi durduqca davam edəcək. Sosial medianın tüğyan etməsinə baxmayaraq, kitab insan həyatının bir parçası olaraq qalmaqdadır. Siz bu sətirləri oxuduğunuz anda dünyanın bütün mətbəələri saysız-hesabsız kitablar çap edirlər. Ənənəvi kitab bu gün fərqli bir obrazda qarşımızdadır. Müasir dövrümüzdə sadəcə kitabın dizaynı, təqdimatı və oxucuyla ünsiyyət qaydaları dəyişib. Yəni, bir növ, kitab da zamana uyğun olaraq müasirləşib, zahirən gözəl sima qazanıb, amma mahiyyətcə dəyişməyib. Kitab insan həyatının ruhu olaraq qalmaqdadır. Sosioloji araşdırmalar göstərir ki, insan psixoloji olaraq ənənəvi kitabdan daha çox enerji alır, daha çox ruhlanır və daha səmərəli faydalanır. Bir yapon atalar sözündə deyildiyi kimi, kitab ruhun dərmanıdır. Sosial media insan mənəviyyatına kitab qədər yaxın ola bilməz. İnsan təbiətinə yad olduğuna görə sosial media insana ancaq ziyan vurur və zamanla özündən asılı vəziyyətə salır. Sosial medianın insana göstərdiyi psixoloji təsirlə yanaşı, vurduğu ən böyük ziyan onun həyatının böyük bir hissəsini onun əlindən almasıdır. Açıq şəkildə deyə bilərik ki, sosial media “zaman və mənəviyyat oğrusu”dur.


Ən etibarlı bilik qaynağı


Bəşəriyyət bu günə qədər kitabların vasitəsilə inkişaf edib. Bu günün ən müasir texnoloji yenilikləri kitablar vasitəsilə həyata keçirilib və bundan sonra da belə olacaq. Çünki kitab elektron daşıyıcılardan fərqli olaraq, ən etibarlı bilik mənbəyidir. Zamanla insanlar sosial vərdişlərini tənzimləyəcəklər və kitab yenidən ikinci həyatına davam edəcək. Günümüzdə və məişətdə insanlar təbii və əsl dəyərlərin fərqinə vara bilirlər. Məsələn, insanlar nə qədər müasir olsa da, evə alınan təbii ərzaqla süni istehsal olunmuş ərzağın fərqini və dəyərini ayırd edirlər. Necə deyərlər, nəyin xeyirli və nəyin zərərli olduğu hamıya məlumdur. Məhz kitab da insan ruhuna xeyir verən mənəvi qidadır. Bunu heç bir sosial şəbəkənin verdiyi streslə əvəz etmək mümkün deyil.

Bir paralel məqamı da qeyd edim ki, 90-cı illərdə ucuz əl fotoaparatları kütləvi şəkildə ortaya çıxanda bütün sənət adamları və rəssamlar həyəcan təbili çalmağa başladılar. Belə bir fikir formalaşmışdı ki, artıq fotoaparatlar əsrində rəssamlara ehtiyac qalmayacaq. Amma həyat göstərdi ki, bu sadəcə keçici bir dönəm idi. Zamanla insanlar anladı ki, bir rəsm tablosunun verdiyi enerji ilə fotoşəkil müqayisə oluna bilməz. Çünki ortada insan faktoru var. Bir rəssamın sərgilədiyi rəsm əsəri onun insani dəyərini ifadə edir. Məşhur bir rəsm tablosu böyük insan istedadının təzahürüdür və insanları valeh edən də elə budur – insan faktoru! Bu gün, demək olar ki, mobil telefonu olmayan insan yoxdur. Heç bir savadı olmayan bir insan telefonun düyməsinə basmaqla, məsələn, günəşin qürubunun fotosunu çəkə bilər. Amma onun o mənzərəni tabloya çəkməsi qeyri-mümkündür. Çünki bu, böyük istedad, təcrübə və bacarıq tələb edir. Ona görə də telefonla çəkilən fotoşəkillə rəssamın tabloda yaratdığı əsərin dəyəri eyni ola bilməz. Bu, insan fəaliyyətinin hər sahəsində belədir. Məsələn, insan faktoru tək yaradıcılıqda deyil, idmanda da hər şeydən öndə gəlir. Yüksək texnologiya vasitəsindən istifadə edərək bir kranın qaldırdığı yüklə, bir ağır atletin qaldırdığı ağırlıq eyni dəyərdə deyil. Ona görə də heç bir sosial media kitabla rəqabət apara bilməz. Sözsüz ki, sosial medianın insana xeyri də vardır. Bizə lazım olan məlumatları oradan əldə edə bilərik, insanlarla müəyyən çərçivədə əlaqə saxlaya bilərik və s. Amma, necə deyərlər, ziyanı daha çoxdur. Çünki sosial şəbəkələr insan davranışında alışqanlıqlar yaradır. İnsanlar zamanla sosial medianın vurduğu ziyanın fərqinə varacaqlar və kitab yenidən insan həyatında layiqli yerini tutacaq.


Kitab insana onun gücünü və dəyərini göstərən mənbədir


Mən müasirliyə və texnologiyanın inkişafına qarşı deyiləm. Təbii ki, XXI əsrdə insan beyninin məhsulu olan texniki imkanlar insan həyatını asanlaşdırmağa yönəlib. Amma insan təfəkkürü və insan yaradıcılığı ilə heç bir texnologiya yarışa girə bilməz. Sadəcə, söhbət kitabdan və ona münasibətdən gedirsə, biz bir cəmiyyət olaraq kitabın layiq olduğu dəyəri ona qaytarmalıyıq. Çünki bəşəriyyəti irəliyə aparan kitabdır və insanın ondan aldığı bilgilərdir. Hamının roman və başqa bədii ədəbiyyat oxuması şərt deyil. Bu gün kitab işinin inkişaf etdiyi bir zamanda insan həyatını əhatə edən hər mövzuda kitablar mövcuddur və gündən-günə mövzular daha da zənginləşir. Kitab bir evin yaraşığıdır. Şekspir deyirdi ki, mənim sahib olduğum kitablar mənə çatacaq qədər böyük bir krallıqdır. Bütün dahi şəxsiyyətlər kitabın insan üçün əvəzi olmayan bir dəyər olduğunu qeyd ediblər. Böyük imperatorlar kitablardan qazandıqları bilgilər vasitəsilə imperiyalar qurublar. Vaxt var idi ki, kitablar ancaq cəmiyyətin zadəgan təbəqəsinə məxsus idi. Və keçmişdə cəmiyyətin elit təbəqəsini təşkil edənlər kitabların adi insanların əlinə keçməsinə imkan vermirdilər. Çünki kitab insana onun gücünü və dəyərini göstərən mənbədir. Kitab insana dünyanı başa düşməyə və özünü ifadə etməyə kömək edən vasitədir.

Dünyanı fəth edən insanların həyatında kitabın böyük rolu olub. Əmir Teymur asudə vaxtlarında çoxlu mütaliə edər, eyni zamanda şahmatı da çox sevərmiş. Makedoniyalı İskəndər kitab oxumadan böyük bir sərkərdə və dövlət xadimi ola bilməzdi. Müəllimi Aristotel İskəndərə hələ 13 yaşından bütün yunan filosoflarının kitablarını oxutdururdu. Böyük İskəndər sevdiyi dəyərli kitabları bütün fəthlərində özü ilə götürürdü. Təbii ki, Makedoniyalı İskəndər həm də əzmi və iradəsi gücünə imperator oldu, amma kitabların da ona verdiyi dəstəyi gözdən qaçırmaq olmaz.

Bu gün, təəssüf ki, insanların başı “bir tikə çörək” qazanmağa qarışıb. Yəni hamı pul dalınca qaçır. Belə bir həyəcanlı dünyada çox hallarda pul qazanmaq insana kitab oxumaqdan daha cazibəli görünə bilər. Bu, normal bir haldır. Çünki insanın mənəvi həyatı onun maddi problemlərinin nə dərəcədə həll olunmasından asılıdır. Məsələn, orta statistik bir insana kitab oxumağın faydalarından bəhs etsəniz, onun cavabı, çox ehtimal ki, belə olar: “Kitab oxumaqla ailə-uşaq saxlamaq olmaz”, “Kitab oxumaq bir kişi işi deyil...” və s. Bu bəlkə də kiməsə görə doğrudur. Əgər ailənin maddi ehtiyacları varsa, səhərdən axşama qədər, məsələn, Tolstoyun “Hərb və sülh” romanını oxumaq bir işə yaramaz. Amma hər şey onu necə istifadə etməkdən asılıdır. Bəli, bir insan kitablardan yanlış istifadə edərsə, bəlkə də “ailə-uşaq saxlaya bilməz”, amma doğru istifadə edərsə, kitablar onu imperator da edə bilər. XXI əsrdə kitab oxuyan və yaxşı təhsil alan bir insan “Kitab oxumaq bir kişi işi deyil”, – deyən minlərlə insanı idarə edir. Kitabın gücü məhz budur.

Məşhur ingilis sosioloqu Herbert Spenser deyirdi ki, bir insanın dəyəri oxuduğu kitablarla ölçülür. Kitab oxumaq insanın təfəkkürünü və təxəyyülünü genişləndirir. Kitab oxuyan insanla oxumayan insan cəmiyyətin hər yerində hiss olunur. Mütaliə edən insanla ünsiyyət daha gözəldir. Bir insanın gözəl davranışı onun oxuduğu gözəl və faydalı kitablardan qaynaqlanır. Oxumaq müqəddəs “Qurani-Kərim”də də Allah tərəfindən tövsiyə edilir. Allahın göndərdiyi mələyin Məhəmməd peyğəmbərlə ilk dialoqu da “Oxu!” buyruğu ilə başlayır. Keçmişdə el arasında “oxumuş adam” deyə bir anlayış var idi. Kitab oxumaq və təhsil almaq zülm və istismar altında qalan milyonlarla insanı ehtiyac içindən cəmiyyətin ən yüksək yerlərinə götürdü. Çünki sosial mediadan fərqli olaraq kitab böyük gücdür. Amma bu güc insana mənəvi zərər vermək yerinə, onu yüksəklərə qaldırır, ona özünü və dünyanı dərk etməyi öyrədir. Ona özünə qalib gəlməyi öyrədir. Özünü fəth edən isə dünyada ən böyük qalibdir.

Elçin Orucov
sosioloq