Uşaq İncəsənət Festivalı çərçivəsində Ağalı kəndində tədbir keçirildi

 

Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi davam edir.

Festival çərçivəsində mayın 5-də Zəngilan rayonunun Ağalı kəndində tədbir təşkil olundu.

Ağalı kənd tam orta məktəbində keçirilən tədbirdə Zəngilan rayonunda qeydiyyatda olan 20 uşaq xanəndəlik sənəti, Azərbaycan xalq çalğı alətləri ifaçılığı (tar), piano ifaçılığı və bədii qiraət nominasiyaları üzrə çıxış etdilər.

Çıxışlar Əməkdar artist, xanəndə İlkin Əhmədov, bədii qiraət ustası Xəzər Süleymanlı, pianoçu Fəqan Həsənli və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli Uşaq musiqi məktəbinin müəllimi, tar ifaçısı Emin Bəhramlıdan ibarət münsiflər heyəti tərəfindən dəyərləndirildi.

Tədbir çərçivəsində həmin uşaqlar üçün münsiflər heyəti tərəfindən ustad dərsləri də keçirildi. Sonda xatirə şəkilləri çəkdirildi.

Xatırladaq ki, üç turdan ibarət, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivalın respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək iştirakçısı var.

Festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edir.

Nurəddin