Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 9-dan 11-dək Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Bu il ümumilikdə altıncısı keçiriləcək və üç gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.

Builki “Xarıbülbül” festivalı xüsusilə əlamətdardır. Məlum olduğu kimi, Şuşa şəhəri 2023-cü il üçün Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Mayın 12-də “mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçiriləcək. Bu məqsədlə Azərbaycana gələcək TÜRKSOY-a üzv respublikaların və başqa ölkələrdəki türk toplumlarının yaradıcı kollektivləri Şuşanın yeni növrağına şahid olacaq, öz sənət töhfələrini verəcəklər.