AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud” eposu: Heydər Əliyevdən İlham Əliyevə” kitabı çapdan çıxıb.

Kitabda əvvəlcə XX əsrin ortalarında “Kitabi-Dədə Qorqud” eposuna Azərbaycan sovet rəhbərliyinin tətbiq etdiyi qadağaların səbəbləri və nəticələri barədə məlumat verilir. Azərbaycan K(b) P-nın 24 may 1951-ci il tarixdə keçirilmiş XVIII qurultayında “Dədə Qorqud” eposunun “Azərbaycan xalqına zidd və zərərli” əsər kimi damğalanması, ədəbi abidənin nasirləri və tədqiqatçılarının cəzalandırılması sənədlər və materiallar əsasında tədqiq edilib. Bu kontekstdə nəşrdə Heydər Əliyevin eposun dünyada təbliğ edilməsində və xalqımıza yenidən çatdırılmasındakı böyük rolu təhlillər və müqayisələr aparmaqla diqqətə çatdırılır.

Kitabda həmçinin Prezident İlham Əliyevin mühüm tarixi əhəmiyyətə malik olan sərəncamları əsasında dövlət səviyyəsində keçirilmiş tədbirlərin əhəmiyyəti elmi-ədəbi cəhətdən dəyərləndirilib.

Nəşrdəki rəsmi sənədlər və dövri mətbuat materialları filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı tərəfindən toplanılıb tərtib edilib. Kitabın məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.