Heydər Əliyev Mərkəzinin Auditorium zalında mayın 4-də caz musiqisi həvəskarları üçün maraqlı konsert proqramı təqdim edilib.

“Caz günü” adlı konsert proqramında səhnəyə əvvəlcə trio – tanınmış pianoçu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev (piano), Ruslan Hüseynov (bas gitara) və Elvin Bəşirov (zərb aləti) çıxıblar.

Konsertin davamında trionun müşayiəti ilə Xalq artistləri Ənvər Sadıqov (qarmon), Tünzalə Ağayeva (vokal), Əməkdar artistlər Ceyla Seyidova (skripka), Sevda Ələkbərzadə (vokal), həmçinin Elnur Mikayılovun (kamança) ifasında caz kompozisiyaları təqdim olunub.

Ruslan Ağababayev mediaya açıqlamasında yenidən doğma ölkəsində olmasından məmnunluğunu bildirib. O deyib: “Çox fərqli və rəngarəng proqramla çıxış etdik. Bu gün bizimlə burada eyni səhnədə tanınmış ifaçılar yer aldı. Doğma Azərbaycanda mənim çox konsertim olub, keçən il Beynəlxalq Muğam Mərkəzində də konsert vermişəm. Bu isə Heydər Əliyev Mərkəzində sayca ikinci konsertimdir. Bu möhtəşəm səhnədə ilk konsertim 2019-cu ildə olmuşdu”.