Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və tarixinə aid mövzuların Özbəkistan ali məktəblərinin tədris proqramlarına salınması layihəsi çərçivəsində akademik Nizami Cəfərov və Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri dosent Kərəm Məmmədov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan və rus dillərində mühazirələr oxuyublar.

Mühazirədən əvvəl tarix və filologiya fakültələrində olan azərbaycanlı alimlər tədrisin təşkili ilə tanış olub, müəllim heyəti ilə görüşüblər. Fakültə rəhbərləri tələbələrin Azərbaycan ədəbiyyatı, mədəniyyəti, adət-ənənələri ilə dərindən maraqlandıqlarını diqqətə çatdırıblar.

Sonra tələbələr Azərbaycan alimlərinin mühazirələrini dinləyiblər. Mütəxəssislər gəncləri maraqlandıran sualları cavablandırıblar.