Heydər Əliyev və Azərbaycanda turizmin inkişafı

 

Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) birgə təşkilatçılığı ilə 5-6 may tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” adlı VI beynəlxalq elmi-praktik konfrans keçirilib.

Universitetin rektoru İlham Mədətov açılış nitqində konfransa Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən ümumilikdə 105 tədqiqatçının məruzəçi qismində qatıldığını diqqətə çatdırıb.

DTA-nın sədri Fuad Nağıyev tədbir iştirakçılarına videomüraciətində Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə agentlik tərəfindən silsilə tədbirlərin icra olunduğunu, həmçinin “Heydər Əliyev və turizm” adlı sənədli filmin və eyniadlı kitabın üzərində işlərə başlanıldığını qeyd edib.

Konfransın plenar iclasında ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı dosent Bahadur Bilalovun “Heydər Əliyev və Azərbaycanda turizmin inkişafı” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Ümummilli liderin hələ respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanı ümumittifaq əhəmiyyətli rekreasiya-turizm mərkəzinə çevirmək istədiyi, bu yöndə atdığı addımlar vurğulanıb, müstəqillik dövründə görülən işlərdən bəhs edilib.

Tədbirdə daha sonra xarici ölkə alimlərinin məruzələri dinlənilib. Konfrans işini bölmə iclasları ilə davam etdirib.