İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Səyahətçilər əvvəlcə Füzuli rayonuna gəliblər. Onlar burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar və Füzuli rayonu azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən aparılan böyük quruculuq işləri ilə yerində tanış olublar.

Dünya səyyahları Füzulidə minatəmizləmə prosesini də izləyiblər. Sonra onlar Xocavənd rayonundakı qədim yaşayış yeri – Azıx mağarası ilə tanış olublar.

Səfər proqramına Ağdam şəhəri, Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi də daxildir.

Qrupa “Club 100”un idarə heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir. Bu nüfuzlu regional klub Skandinaviya əsilli beynəlxalq səyahətçiləri birləşdirir.

Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania, eləcə də Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels” Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Səfərlərdən biri 2021-ci ildə, dördü 2022-ci ildə, biri isə 2023-cü ildə reallaşıb. İsveçdən olan səyahətçilərin səfəri bu qəbildən olan sayca 7-ci səfərdir. İsveçdən gəlmiş heyətə 30-dan çox beynəlxalq səyahətçi daxildir.

Bu səfərlər çərçivəsində dünyada tanınan 200-dən çox səyyah Qarabağ və Şərqi Zəngəzurla tanış olub.