Şuşadakı Heydər Əliyev Fondu tərəfindən bərpa edildikdən sonra mayın 10-da açılışı olan Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda “Heydər Əliyev və Qarabağ” sərgisi açılıb.

Sərgidə Ulu öndər Heydər Əliyevin sovet dövründə Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli liderin Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotolar da yer alır.

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qonaqları “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.

Sərginin ekspozisiyasından aydın görünür ki, Heydər Əliyev Azərbaycanın tarixi diyarının hərtərəfli inkişafına, o cümlədən mədəniyyətə, incəsənətə böyük diqqət və qayğı göstərib. 1977-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilməsi, 1979-cu il yanvarın 12-də Ümummilli liderin iştirakı ilə Ağdam–Xankəndi dəmiryolunun açılışı kimi mühüm addımlar da bu qəbildən idi.

Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanmaqla bir daha sübuta yetirdi. Bu gün tarixi yurd yerlərimiz dirçəlir, yenidən gözəl günlərinə qovuşur.