Mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Milli Xalça Muzeyinin Şuşa filialının açılışında iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib.

Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunub. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarılıb. Binanın fasadındakı çatlar bərpa olunub və daşla üzlənib.

Qarabağ torpaqlarının Ermənistanın işğalına məruz qaldığı dövrdə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi.

Şuşada yeni xalça ekspozisiyası təqdim olunur. Ekspozisiyada vaxtilə təxliyə edilmiş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Burada ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.

Ziyarətçilərin daha dolğun məlumat əldə etməsi üçün ekspozisiyada sensor ekran quraşdırılıb. Ekranda Qarabağın, xüsusilə də Şuşanın maddi və qeyri-maddi irs nümunələri, kübar ailələri, xarici kolleksiyalarda qorunan Qarabağ xalçaları, Şuşa filialının 1992-2022-ci illər ərzindəki fəaliyyəti haqqında məlumatlar verilir.