18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində silsilə tədbirlər təşkil olunacaq. Tədbirlər 16-18 may tarixlərində Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin dəstəyi, Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçiriləcək.

Mayın 16-da (saat 12:00) muzeydə xüsusi yaradılmış “Çələbi” otağında 13 yaşdan yuxarı uşaqlar üçün psixoloq Pərvin Müslümzadənin “Mənim dünyam” adlı art terapiya seansı təqdim ediləcək.

Gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək məqsədilə mayın 17-də (saat 16:00) İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən mühazirə keçiriləcək.

Mayın 18-də (saat 12:00) isə muzeyin balaca dostları üçün 132-134 nömrəli təhsil kompleksinin şagirdlərinin ifasında “Təbiətin səsi sən ol!” adlı interaktiv tamaşa göstəriləcək. Yerüstü ekosistemin mühafizəsi mövzusunda hazırlanan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitəcək.

Qeyd edək ki, UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il mayın 18-də dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il ICOM tərəfindən “Muzeylər, dayanıqlılıq və rifah” devizi elan edilib.