Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə mayın 12-də Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirildi. Budəfəki tədbir kinorejissor Davud İmanovun yaradıcılığına həsr olunmuşdu.
Tədbiri giriş sözü ilə Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Davud İmanovla Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda birlikdə təhsil aldığı illəri, onun lentə aldığı bədii və sənədli filmləri xatırladı, rejissoru vətənpərvər və intellektual insan kimi xarakterizə etdi. Bildirdi ki, Davud İmanov 1984-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən 1994-cü ilədək “Azərbaycanfilm” kinostudiyasında kinorejissor işləyib. O, kinorejissor kimi fəaliyyət göstərdiyi zamanlarda bir çox sənədli və publisistik filmlər lentə alıb. Lentə aldığı “Rəşid Behbudov”, “Səttar Bəhlulzadə”, “Lyudmila Qurçenko – artistlik sənəti” və s. sənədli, “Afroditanın qolları” qısametrajlı bədii, “Dənizçi ürəyi”, “Hamı bir nəfər üçün”, “Kölgədə 40 dərəcə isti” və s. bədii filmləri maraqla qarşılanıb. Onun Bakıya və bakılılara həsr etdiyi tammetrajlı “Zirzəmi” bədii filmi Azərbaycan kinosunda layiqli yer tutub. “Mozalan” kinojurnalı rejissorun yaradıcılığında xüsusi yer tutur.
D.İmanov 1995-ci ildən 2002-ci ilə qədər Rusiyanın “Mir” teleradio kompaniyasının Azərbaycan bölməsinə rəhbərlik edib. O, “Sumqayıtın əks-sədası” sənədli filmində Sumqayıt hadisələrinin baş verməsində birbaşa müqəssir olan Sovet İttifaqı rəhbərlərindən ifadələr almaqla hadisənin əsl mahiyyətini ictimaiyyətə çatdıra bilmişdi.
Daha sonra D.İmanovun 1989-cu ildə çəkdiyi “Səttar Bəhlulzadə” filmi təqdim olundu. “Yaddaş” yaradıcılıq birliyində istehsal olunmuş filmdə Xalq rəssamının yaradıcılığının ideya-bədii xüsusiyyətlərindən bəhs edilir. Filmdə Tahir Salahov, Maral Rəhmanzadə, Əfrasiyab Vəkilov, Qriqori Anisimov və Mark Bernşteyn kimi tanınmış simalar Səttar Bəhlulzadə sənəti haqqında düşüncələrini paylaşıblar. Filmin ssenari müəllifi Azər Abdulla, rejissoru D.İmanov, operatoru Rafiq Quliyev, bəstəkarı Cavanşir Quliyevdir.
Filmin nümayişindən sonra rejissorun həyat yoldaşı Firuzə İmanova D.İmanovun “Sumqayıtın əks-sədası” filminin çəkilişləri zamanı Ümummilli lider Heydər Əliyevlə görüşünü, “Rəşid Behbudov” filminin ərsəyə gəlməsindən danışdı. O, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.
Qeyd edək ki, Davud Hüseyn oğlu İmanov 20 may 1945-ci ildə Qazaxıstanın Akmolla rayonunda anadan olub. Onun da ailəsi 37-ci ilin repressiya dalğasının Xəzərin o tayına apardığı minlərlə insandan idi. Stalinin ölümündən (1953) sonra sürgün olunanlara öz yurd-yuvalarına dönmələrinə icazə verilir. D.İmanovun ailəsi də 1957-ci ildə bəraət alaraq Azərbaycana qayıdır və Sumqayıtda məskunlaşır. Rejissor 20 sentyabr 2002-ci ildə vəfat edib.
Lalə Azəri