XİN: Brüssel görüşünü faydalı və nəticəyönümlü hesab edirik

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13-14 may tarixlərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsselə (Belçika)  işgüzar səfər edib.

Dövlətimizin başçısı səfərin ilk günü Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb. Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı ilə enerji əməkdaşlığı, Cənub Qaz Dəhlizinin uğurla icra olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Mayın 14-də Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

Görüşdə Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluq ifadə edilib. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, habelə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə olunub.

Həmin gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə görüş olub.

***

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı Şurası Prezidentinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderləri arasında mayın 14-də Brüsseldə keçirilmiş növbəti görüşü şərh edib.

“Bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticəyönümlü hesab edirik. İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir”, – deyə XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit olunması, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət daşıyır.

Görüş həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb.

“Azərbaycan ilə Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət olunması əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik.

Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə olunmasına dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”, – deyə açıqlamada bəyan edilib.