Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və “Cümhur İttifaqı”nı təbrik edib.

Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə  böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd ediblər.

***

Qeyd edək ki, mayın 14-də Türkiyədə növbəti prezident  seçkiləri və 28-ci dönəm  Türkiyə Böyük Millət Məclisinə (TBMM) seçkilər keçirilib. Səsvermədə seçici fəallığı rekord səviyyədə – 89,9 faiz (57 milyondan çox seçici) olub.

Prezident seçkilərində “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 49,51 faizinin səsini qazanaraq birinci olub. Onun əsas rəqibi, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,88 faiz səs toplayıb. “ATA İttifaqı”nın namizədi Sinan Oğan isə 5,17 faiz səs qazanıb.

Mayın 28-də Ərdoğan və Kılıçdaroğlu arasında prezident seçkilərinin 2-ci turu olacaq.

600 yerlik TBMM-ə seçkilərdə Rəcəb Tayyib Ərdoğanın lideri olduğu AKP və müttəfiq partiyaların birləşdiyi “Cümhur İttifaqı” 322 deputat mandatı qazanaraq birinci olub. “Millət İttifaqı” 212 yer, “Yaşıl Sol” bloku 66 yer qazanıb.