Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Əlamətdar günün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

Bu gün hər il müxtəlif devizlər altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər. Dayanıqlılıq və rifah” mövzusuna həsr olunub.

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” elan olunub. Vətəndaşlar və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət edəcək, əlamətdar günlə bağlı həyata keçiriləcək layihələrlə tanış olmaq imkanı qazanacaqlar.