Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən “Fotoqraflar görüşü”nün builki məkanı “Türk dünyasının mədəniyyət paytaxtı”, qədim söz-sənət beşiyimiz Şuşada şəhəri olub.

17-ci dəfə keçirilən layihənin iştirakçıları 11-15 may tarixlərində Azərbaycanın və Türk dünyasının “mədəniyyət paytaxtı” Şuşada bir araya gəliblər.

Nurlan Tahirli, Rauf Umudov, Araz Adiloğlu (Azərbaycan), Sabi Maemerov (Qazaxıstan), Urmatbek Osmoev (Qırğızıstan), Ümid Sobirov (Özbəkistan), Abdulhamit Yalçın, Sami Türkay, İlker Cihat Çatak (Türkiyə), Sunalp Çelebi (Şimali Kipr Türk Cümhuriyyəti), Güler Fedai və Vüqar Novruzoğlu (TÜRKSOY) “mədəniyyət paytaxtı” ilinin rəsmi açılışından (12 may) sonra şəhərdəki tarix-mədəniyyət abidələrini fotokameranın yaddaşına köçürüblər.

Fotoqrafların kadrlarında şəhərin simvoluna çevrilən memarlıq abidələri ilə yanaşı, 28 illik erməni işğalı nəticəsində vandalizmə məruz qalan tarixi tikililərin xarabalıqları da qatı dumanın fonunda əks olunub.

Fotolar “Türk dünyasının mədəniyyət paytaxtı” ili tədbirləri çərçivəsində keçiriləcək sərgidə nümayiş olunduqdan sonra albom kimi nəşr ediləcək.