Xəbər verdiyimiz kimi, 13-14 may tarixlərində "Naxçıvan" Universiteti, "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi (ANAİB) və "Hədəf" şirkətlər qrupunun təşkilatçılığı ilə I Naxçıvan Kitab Sərgisi keçirilib.

“Bölgələrə kitabla gedirik!” şüarı altında təşkil olunan sərgi Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Sərgi iştirakçıları əvvəlcə Ulu öndərin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, dahi siyasətçinin adını daşıyan muzeylə tanış olublar.

“Naxçıvan” Universitetində gerçəkləşən sərgidə əvvəlcə Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

“Naxçıvan” Universitetinin rektoru dosent Anar Kazımov kitabın və mütaliənin önəmindən danışıb, sərginin əhəmiyyətini yüksək qiymətləndirib.

ANAİB İdarə heyətinin sədri Şəmil Sadiq sərgi haqqında məlumat verib. Bildirib ki, sərgidə yerli və müxtəlif bölgələrdən olan müəlliflərin kitablarının sərgi-satışı təşkil olunub.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid ölkəmizə və Türk dünyasına Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edən Naxçıvanda keçirilən kitab sərgisində olmağından məmnunluğunu ifadə edib.

AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev, Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı, Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Əliyev və digər çıxış edənlər muxtar respublikanın elmi-ədəbi mühiti haqqında danışıblar.

Qeyd edək ki, iki gün davam edən sərgidə minlərlə kitab endirimli qiymətlərlə oxuculara təqdim olunub, tanınmış yazıçılar Elxan Elatlı, Varis, Zahid Xəlil, şair Rüstəm Behrudi, bədii qiraətçi Xəzər Süleymanlı və başqalarının imza mərasimləri olub. Bundan başqa, kitab bayramında təlimçi Orxan Şahbaz, ANAİB-in sədri Şəmil Sadiq, Təhsil Tələbə Krediti Fondu İdarə heyətinin sədr müavini Bəhruz Əzimov, dilçi alim Rafiq İsmayılov AJB-nin sədri Elçin Şıxlı və Əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin iştirakı ilə müxtəlif mövzulu panellər keçirilib.

Sərgi çərçivəsində həmçinin ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan "İkisaatlıq döyüşün 100 illik tarixi" filminin təqdimatı olub.

Nurəddin