Türkiyədə keçirilən builki parlament seçkilərinin nəticələrinə görə, millət vəkilləri sırasında Azərbaycan əsillilər də var. Onlardan biri də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) İqdırdan olan millət vəkili Cantürk Alagözdür.

Türkiyə parlamentinə ilk dəfə seçilən Cantürk Alagöz deyib ki, ölkəsində xalqın milli iradəsi və demokratiya bir daha qələbə çalıb: “Türkiyədə mayın 28-i ikiqat bayram olacaq. Həm Azərbaycanın Müstəqillik Gününü keçirəcəyik, həm də inanıram ki, Rəcəb Tayyib Ərdoğanın bir daha prezident seçilməsini qeyd edəcəyik. Ölkəmizin istiqrara, rifaha, demokratiyaya ehtiyacı var, xalqımız da qərarını verdi və buna nail oldu”.

Cantürk Alagöz deyib ki, iki qardaş ölkə arasında əlaqələr yüksək səviyyədədir, bunun daha da zirvələrə yüksəlməsi üçün bacardığı qədər dəstək verəcək: “Sərhəd-keçid məntəqələrində yaranan bəzi problemlərin çözülməsini də gündəmə gətirəcəyəm. COVİD-19 dönəmində Azərbaycana “Sinovak” peyvəndini ilk dəfə rəhbəri olduğum şirkət aparıb. Peyvənd təminatında dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla da əməkdaşlığımız olub”.

Qeyd edək ki, 1969-cu il doğumlu Cantürk Alagöz Ankaranın Hacettepe Universitetinin Kimya mühəndisliyi fakültəsini bitirib. “Alagöz Holding”in rəhbəridir. Səkkiz şirkəti çətiri altında birləşdirən holdinq bir sıra sosialyönümlü, o cümlədən idmanla bağlı layihələrə imza atıb. Holdinqə daxil olan “Keymen İlaç” şirkəti COVİD-19 pandemiyası ilə mübarizədə “Sinovac” peyvəndini Türkiyəyə gətirib. 2021-ci ildən “İqdırspor”un prezidentidir.

Mehparə Sultanova
Ankara