Azərbaycanlıların tarixi torpaqlarında onların fiziki izlərinin qəsdən məhv edilməsi Ermənistanda siyasətin vacib elementlərindən olub. Ermənistan ərazisində bütün Azərbaycan yaşayış məntəqələrinin və toponimlərinin adları dəyişdirilib, tarixi-mədəni irs, məscidlər və qəbiristanlıqlar məqsədli şəkildə vandalizmə məruz qalıb və ardıcıl olaraq məhv edilib.

Bu barədə UNESCO İcraiyyə Şurasının 216-cı sessiyasında səsləndirilən Azərbaycanın milli bəyanatında deyilir.

Bəyanatda ötən il 100-dən çox azərbaycanlı alim və ictimai xadimin UNESCO-ya müraciəti xatırladılaraq, İrəvanda azərbaycanlıların yaşadığı tarixi Təpəbaşı məhəlləsinin də eyni aqibət riski altında olduğu bildirilib. Qeyd edilib ki, Qərbi Azərbaycan İcması UNESCO-nun baş direktoruna müraciət edərək Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlığını bildirib.

Milli bəyanatı təqdim edən ölkəmizin UNESCO-da daimi nümayəndəsi Elman Abdullayev bildirib ki, Ermənistan hakimiyyəti XX əsrdə zaman-zaman azərbaycanlıları öz tarixi torpaqlarından – Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi və Vedidən qovaraq onlara qarşı etnik təmizləmə siyasəti aparıb.

Vurğulanıb ki, 30 ildən artıq davam edən təcavüz və işğal müddətində Ermənistan Azərbaycan ərazilərində xalqımızın mədəni irsini talan edərək tamamilə dağıdıb. Minlərlə mədəniyyət obyekti, beynəlxalq və yerli əhəmiyyətli abidələr, məscidlər, məbədlər, məqbərələr, muzeylər, eksponatlar, rəsm qalereyaları, arxeoloji abidələr və kitabxanalar tamamilə yerlə yeksan edilib. Azərbaycan öz tarixi-mədəni irsinə qarşı törədilmiş vəhşilikləri dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciət edərək bu irsin qorunmasını təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.

Qeyd edilib ki, Ermənistan 30 ilə yaxın işğal müddətində Azərbaycan torpaqlarını mina və partlayıcı maddələrlə çirkləndirib. Bu minalar azərbaycanlıların doğma evlərinə qayıtmasına əngəl törədir.

Milli bəyanatda Azərbaycanın UNESCO çərçivəsində həyata keçirdiyi layihələr haqqında da məlumat verilib.

Qeyd edək ki, UNESCO İcraiyyə Şurasının 216-cı sessiyası Parisdə, təşkilatın qərargahında 10-24 may tarixlərində keçirilir.